Xəbərlər
Xalqın iradəsinin təzahürü
Bəxtiyar İslamov
YAP Gənclər Birliyinin sədri
Dekabrın 15-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclası baş tutdu. İclasın gündəliyində duran ən vacib məsələ 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin irəli sürülməsi idi. Hər kəsin böyük istək və əminliklə gözlədiyi baş tutdu və Prezident İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədi kimi təsdiqləndi.
Bu məqamda xüsusi ilə diqqət edilməli bir məsələ də ondan ibarətdir ki, bu təkcə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin gündəliyinə salınmış vacib bir məsələnin təsdiqi deyildi. Bu başlıca olaraq Azərbayxan xalqının vahid iradəsinin, böyük əminliyinin qəbulu idi. Ötən 20 ildə daim inkişaf edən, rifah şəraiti yüksələn, sağlam və milli dəyərlərlə formalaşmış Qalib Xalqın Qalib Liderinə olan inamının təzahürü idi.
Prezident İlham Əliyevin ötən 20 illik hakimiyyəti dönəminə qısa nəzər salmaq kifayətdir ki, onun dövlətimizə və xalqımıza qazandırdığı qələbələrin timsalında fenomenal idarəçilik bacarığının şahidi olaq.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında tarixinin ən böyük yüksəlişini yaşayıb. Bu gün də davam edən bu yüksəliş Azərbaycanın yeni predmetlərə və inkişaf strategiyasına əsaslanan sosial-iqtisadi inkişafına, insan kapitalının əsas diqqət mərkəzində olduğu siyasətə və ən əsası, ölkəmizin Qalib Dövlət statusu ilə regionun əsas güc mərkəzinə çevrilməsinə səbəb olub.
3 il öncə 44 günlük Vətən Müharibəsi ilə başlayan və yekunda XXI əsrə misilsiz qələbə kimi düşən Azərbaycanın ərazi bötüvlüyünün və suverenliyinin bərpa olunması hər kəsə bir daha sübut etdi ki, cənab İlham Əliyev dünya tarixinin gördüyü ən böyük liderlərdən və Ali Baş Komandanlardan biridir. Onun müdrikliyi, uzaqgörənliyi, daxili və xarici siyasətdə qəbul etdiyi qərarları, ən əsası isə vətəninə və xalqına olan sonsuz sevgisi bugünki Qalib Azərbaycanın mövcudluğunda ən başlıca amildir.
Prezident İlham Əliyev bütöv, güclü və suveren Azərbaycanın müəllifidir. Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında bir yumruq kimi birləşib. Bunun nəticəsidir ki, heç bir xarici qüvvə və təyziq Ali Baş Komandanın iradəsinə, xalqımız və dövlətimiz üçün gördüyü misilsiz fəaliyyətlərə təsir edə bilmir.
