Xəbərlər
Genişmiqyaslı planlarımız var

Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi dostluğun, strateji tərəfdaşlığın gözəl nümunəsi idi. Sözsüz ki, ölkələr arasında diplomatik əlaqələrin inkişafı gələcək üçün daha genişmiqyaslı perspektivlər vəd edir, yeni əməkdaşlıq sahələrinin açılması üçün böyük imkanlar yaradır.
“Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
Bizim çox genişmiqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi – uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər”. Ölkə Prezidentimizin Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində söylədiyi bu fikir onu təsdiq edir ki, Avropanın bu gün Azərbaycan qazına böyük ehtiyacı var.
İnterkonnektorların sayı artdıqca Azərbaycanın qaz ixracı coğrafiyası da genişlənir. Prezident İlham Əliyevin liderliyi ilə həyata vəsiqə alan “Cənub Qaz Dəhlizi”nin reallaşması bütövlükdə Avrasiya regionunun enerji xəritəsində mühüm dəyişiklik etdi. Bolqarıstan Prezidenti Rumen Radev də tarixi enerji dəhlizi ilə Xəzərdə hasil olunan təbii qazın Avropaya çatdırılmasını yüksək dəyərləndirərək qeyd edib ki, bu gün Serbiyada interkonnektorun açılış mərasimini edirik. Yalnız Serbiya deyil, həmçinin regionun digər ölkələri də Azərbaycandan gələn qaza, həmçinin yeddi terminala, Aralıq dənizindəki Elengi terminalına və təbii ki, Solidarity Ring təşəbbüsünə, Bolqarıstandakı Çidan adlı saxlama yerinə çıxış əldə edib. Biz hazırda Bolqarıstandakı infrastrukturu genişləndiririk və bunun sayəsində Qərbi Avropa qaz ehtiyatlarına da çıxış əldə edəcəyik. Biz bu gün sübut edirik ki, yalnız birgə səylər nəticəsində, ortaq istəyə əsasən iqtisadi inkişaf əldə edə, daha yaxşı, daha təhlükəsiz gələcəyə nail ola bilərik. Digər önəmli məsələ isə odur ki, biz infrastrukturun inkişafı nəticəsində daha böyük nailiyyətlər əldə edəcəyik.
Yeddisi Avropa ölkəsi olmaqla doqquz ölkəyə Azərbaycanın mavi yanacağının nəql olunması ölkəmizin qlobal müstəvidəki mövqelərini daha da möhkəmləndirir.
Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən“Cənub Qaz Dəhlizi” XXI əsrin ən böyük layihələrindən biri olmaqla yanaşı iştirakçı ölkələrə, bütün regiona sabitlik, təhlükəsizlik və rifah gətirir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi Cənub Qaz Dəhlizi layihəsi bundan sonra da ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq.