YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya bir daha türk birliyinin şahidinə çevrildi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Noyabrın 3-də dünya bir daha türk birliyinin şahidinə çevrildi. Belə ki, həmin tarixdə Astanada “Türk Əsri” çağırışı altında   Türk Dövlətləri Təşkilatının X yubiley Zirvə görüşü keçirildi. Zirvə görüşü Azərbaycanın işğal dövrü ilə postmünaqişə məhələsinin reallıqlarının təqdimatında əhəmiyyətli rol oynadı. Belə ki, Zirvə görüşündəki çıxışında dövlət başçısı İlham Əliyev Azərbaycanın 30 illik işğal dövründə yaşadığı faciələrdən, ermənilərin törətdiyi təxribatlardan bəhs edərək bildirdi ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir.

Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi. Ermənistanın baş nazirinin 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir.

Otuz illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Cənab İlham Əliyevin bütün çıxışlarında Ermənistanın işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşilikərdən bəhs edilir. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Artıq “Qafqazın Xirosiması”ndan “ağıllı şəhər”ə doğru mühüm addımlar atılır. Ağdam ilk “ağıllı şəhər” olacaq.  Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Dövlət başçısı İlham Əliyev beynəlxalq təşkilatların tribunasından bu məqamları diqqətə çatdırır ki, Ermənistan tarixi və dini abidələrimizi dağıtmaqla bu torpaqlarda Azərbaycan xalqının izlərini silməyə çalışıb. Ermənistan tarixi saxtalaşdırsa da hər zaman fakt qarşısında aciz olub.  Ermənilərin məscidlərimizdə donuz saxlaması  bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Böyük Qayıdış proqramının icrası həyata keçirilir. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu hədəfi də açıqladı ki, artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur. Türkdilli ölkələrin bərpa-quruculuq işlərinə dəstəyi də cənab İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir: “Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.”

Qısa təhlil əsasında bu qənaətə gələ bilərik ki, türk dünyasının birliyi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. Hazırkı mərhələdə, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri dövründə bu birliyin möhkəmliyi özünü  daha qabarıq şəkildə büruzə verir.