YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan güclü siyasi iradə nümayiş etdirir

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

4 oktyabr - Cəbrayıl Şəhəri Günüdür. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur. Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Cəbrayılın işğaldan azad olunmasından üç il ötür. Cəbrayılın azad olunması rayonun 27 illik erməni işğalına son qoydu. Bu illər ərzində 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd erməni vandallığına məruz qaldı, vəhşicəsinə dağıdıldı. Kənd və şəhərlərimizin erməni işğalı dövründə dağıdılması, erməni vandallığının qurbanı olması, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilməsi təkcə bir xalqa qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Bu dağıntılar təkcə Birinci Qarabağ müharibəsi dövründə baş verməyib, ermənilər illər ərzində məqsədli şəkildə tarixi irsimizi silməyə çalışıblar. Cəbrayıl rayonuna aid olan – Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, “Divlər Sarayı” mağarası, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri dağıdılmışdır.

Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Beləliklə, Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub.

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub.

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun hərbi gücü, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində illər ərzində işğal altında olan tarixi torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Bu gün azadlığına qovuşan bölgələrimizə doğru uzanan yollar, infrastruktur yenidən qurulur, illərdir əsl sahibinə həsrət qalan torpaqlartımızda şəhər, kənd və qəsəbələrimizdə həyat yenidən canlanır. 4 oktyabr 2020-ci ildə azadlığına qovuşan Cəbrayıl sürətlə bərpa edilir. Dövlət başçımız ötən üç il ərzində Cəbrayıla bir neçə dəfə səfər edib. 16 noyabr 2020-ci il tarixində səfər çərçivəsində Ali Baş Komandan İlham Əliyevin bayrağımızı tarixi Xudafərin körpüsündə ucaltması Azərbaycan xalqı üçün qürurverici idi. İki il öncə, 4 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev Cəbrayıla növbəti dəfə səfər etdi. Səfər çərçivəsində “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində, “Cəbrayıl” yarımstansiyanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi göstərir ki, 44 günlük şanlı Vətən müharibəsindəki parlaq zəfərdən sonra yeni tarixi mərhələyə qədəm qoyan Azərbaycanın əsas prioriteti işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Bütün azad olunmuş ərazilərimiz dövlətimizin maliyyə imkanları hesabına yenidən qurulur.

Ermənilərin illərlə xarabalığa çevirdiyi şəhər və kəndlərimiz indi tikinti meydanını xatırladır, ən ucqar ərazilərdə belə müasir həyat standartları yaradılır. Artıq dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələri həyata keçirdiyinin şahidi olur. 30 il ərzində düşmənin viran qoyduğu torpaqlarımıza hər gün yeni nəfəs verilir, doğma yurd yerlərimiz gülüstana çevrilir. Müasir standartlara cavab verən yollar çəkilir, beynəlxalq hava limanları tikilir, tarixi, mədəni, dini irsimiz bərpa olunur, “ağıllı kənd” layihəsi həyata keçirilir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımız üçün dünyanın ən müasir imkanlarını yaradır, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait qurulur. İşğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri bütün dünyaya nümunə olan Qalib Azərbaycan güclü siyasi iradə nümayiş etdirir.