YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı oldu

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Azərbaycan həqiqətlərinin təbliği bütün dövrlər üçün qarşıda dayanan əsas çağırışlardan biridir. Baxmayaraq ki, üç ildir torpaqlarımız işğaldan azad edilib, Qarabağ münaqişəsi tarixə qovuşub, Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif edib, işğalçı dövlət yenə də havadarlarının dəstəyi ilə əsassız bəyanatlar səsləndirməkdə davam edir.

Dövlət başçısı İlham Əliyev istər ölkəmizin ev sahibliyi etdiyi, istərsə də bu və ya digər ölkələrdə keçirilən tədbirlərdə çıxışı zamanı əsas diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək 44 günlük İkinci Qarabağ münaqişəsinin baş verməsini şərtləndirən amilləri açıqlayır, tarixi Zəfərimizin yol açdığı yeniliklərdən, regionun gələcəyini necə görmək istəyimizdən bəhs edir. Reallıq budur ki, Azərbaycan 30 ilə yaxın dövrdə dünyadan ədalət gözlədi.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər müxtəlif ölkələrdən gələn qonaqlara  ermənilərin 30 ildə bu ərazilərimizdə törətdikləri dağıntıları gözlə görmək imkanı yaradır. Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu bu baxımdan diqqətçəkən oldu. Forumun açılış mərasimində “Bu gün burada 53 ölkədən qonağımız var. 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı bu gün bizimlədir. Bu, bizim ikinci Azərbaycan Milli Şəhərsalma Forumumuzdur, bizim dostluğumuzun təzahürüdür. Bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək... Biz sıfırdan yeni şəhər və kəndlər inşa edirik” söyləyən dövlət başçısı İlham Əliyev tədbir iştirakçılarına həqiqətlərimiz barədə geniş məlumat verdi. Birinci Şəhərsalma Forumunun ötən il Ağdam şəhərində keçirildiyini xatırladan ölkə Prezidenti bildirdi ki, həmin şəhər də sıfırdan inşa edilir, çünki o, işğal dövründə darmadağın edilmişdir.

Son üç ildə bu dağıntıları bərpa-quruculuq işləri əvəz edir. Azərbaycan xalqı həyata keçirilən genişmiqyaslı bərpa işlərinin fonunda necə qurucu xalq olduğunu, eyni zamanda, bu torpaqların əsil sahibinin biz olduğumuzu bir daha dünyaya çatdırır. 30 il  bir daşı daş üstə qoymayan, bütün tikililəri dağıdan, tarixi və dini abidələrimizi yerlə-yeksan edərək Azərbaycan xalqının izlərini silməyə cəhd edən ermənilər bu torpaqların əbədi onlarda qalacağını düşünürdülər. Havadarlarından aldıqları dəstəkdən daha da ruhlanaraq yeni ərazilər uğrunda müharibə planı hazırladılar. 44 günlük İkinci Qarabağ müharibəsi onların nə qədər yanlış olduğunu, özgəsinin torpağında gözü olmağın hansı  dərsi almağa gətirib çıxardığını nümayiş etdirdi.

Azərbaycan öz ərazisində döyüşlər aparırdı. Bu, bizim hüququmuz idi. Azərbaycan xalqı hər zaman qürurlu, cəsarətli, yenilməz xalq kimi tarixdə yer alıb. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Eyni zamanda, keçmişini unutmayan, bu günü ilə qürur duyan, sabaha böyük ümidlərlə baxan xalq heç zaman yenilməz, daim irəliyə baxmaqla böyük inkişafa, tərəqqiyə dəstək olar. Bu gün Azərbaycan xalqı  dünyaya bu nümunəni göstərir.  Azərbaycan Ordusu yeni tarix yazmaqla ermənilər tərəfindən  tarixi adlarımızı dəyişdirib  saxtalaşdırmağa,  xalqımızın tarixi-mədəni irsini silmək cəhdlərinə son qoydu. Yaşayış məntəqələrinin tarixi adları bərpa edildi. Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan, Xocavənd rayonunun Vəng kəndinin Çinarlı, Noraşen kəndinin Günəşli adlandırılması da bu tərkibdəndir.

Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında “Bu gün isə bu torpağın sahibləri, əsl sahibləri qayıdıb, sürətli inkişaf baş verir” söyləyərək onu da vurğuladı ki,  Böyük Qayıdış Proqramı  bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Təkcə bərpa etmək deyil - burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.

Bu statistik rəqəmlər də diqqətə çatdırıldı ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan  bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard dollar olacaq. Azərbaycan bu işləri  öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirir. Heç bir maliyyə dəstəyi,  yardımı almırıq: Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir. Yəni, bu, Azərbaycan üçün çox böyük maliyyə yüküdür. Ancaq Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir.”

30 illik işğal dövründə insanlar erməni işğalından çox əziyyət çəkib, çətin şəraitdə yaşayıb, mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından, öz Vətənlərindən məhrum ediliblər. Onlar bu imkanı 30 il gözləyirdilər ki, buraya qayıda bilsinlər. Cənab İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsi onlara bu şəraiti yaratdı. Bu gün onların bizdən gözləntiləri odur ki, onları tezliklə bu yerlərə qaytaraq.

İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin miqyası o qədər genişdir ki, onları tam şəkildə əhatə etmək qeyri-mümkündür. Dövlət başçısı İlham Əliyev Zəngilan rayonunda görülən işlərin əsasında bütün azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq barədə aydın təsəvvür yaratdı.

Prezident İlham Əliyevin bu torpaqlara mütəmadi səfərləri, həmçinin imzaladığı Sərəncam əsasında şəhər günlərinin təsis edilməsi həmin ərazilərin dünəni ilə bu günü arasında nə qədər böyük fərqin olduğunu, quruculuq meydanına çevrildiyini, soydaşlarımızın Böyük Qayıdışının davamlı xarakter aldığını geniş təhlilinə imkanlar yaradır.

Bu gün, 4 oktyabr tarixi Cəbrayıl şəhərinin azad edildiyi gündür. Dövlət başçısının Sərəncamına uyğun olaraq 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir. Bu rayona səfərləri zamanı “Oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını mən bu xoş müjdə ilə sevindirmişdim - Cəbrayıl şəhəri azad edilmişdir!” söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, bildirir ki, 2020-ci ilin həmin dövrünə qayıtsaq Qələbəmizin əzəmətini bir daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə,  gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti oldu. Məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq.

Bu reallığı da qeyd etməliyik ki, Aprel döyüşləri nəticəsində Cəbrayılın  Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı oldu. “Bizim “Böyük Qayıdış”ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır” bildirən cənab İlham Əliyev qeyd edir ki, bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Biz hərbçilərimizlə fəxr edirik və fəxr edəcəyik. Müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də Zəfərlə başlamışıq, Zəfərlə başa vuracağıq.