Xəbərlər
Qafqazda sülh və sabitlik istəyirik
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Sentyabrın 29-da Zəngilanda baş tutan 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu, eyni zamanda, dövlət başçısı İlham Əliyevin gələcəklə bağlı çağırışlarını özündə ehtiva edən çıxışı bu gün də geniş müzakirə olunmaqdadır.
Cənab İlham Əliyevin çıxışında diqqət göstərdiyi əsas məsələlərdən biri tarixi Zəfərimizdən sonra Azərbaycanın qarşı tərəfə beynəlxalq hüququn beş əsas prinsipini özündə əks etdirən sülh müqaviləsini təklif etməsi, Ermənistanın bu müqavilənin imzalanması prosesini uzatmaq üçün cəhdləri oldu. “Bir tərəfdən deyirdilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Digər tərəfdən isə sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərmişdi. Yəni, bu, necə mümkün ola bilər? Bu o demək idi ki, utancverici məğlubiyyətdən üç il sonra, öz məlumatlarına görə, 12 min fərarisi olan, bizim ərazilərimizdən sprinter kimi qaçan həmin Ermənistan bizə qarşı yeni ərazi iddiası irəli sürür” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu, artıq qırmızı xəttin növbəti dəfə pozulması idi. 9 sentyabr tarixində artıq bu, neçənci qırmızı xəttimiz idi. Qondarma Dağlıq Qarabağın qondarma “parlament”i 22 nəfərin səsi ilə “Dağlıq Qarabağ rejimi”nin “prezidenti”ni seçdi və həmin o “prezident” öz çıxışında qeyd etdi ki, status uğrunda mübarizə aparacağıq: “Yəni, bu nə deməkdir və biz buna necə cavab verməliyik?! Biz buna necə dözə bilərdik? Əlbəttə, biz buna dözə bilməzdik. On gün bundan əvvəl baş verən hadisələrin səbəbi Ermənistan baş nazirinin məsuliyyətsiz siyasəti və onun himayədarlıq etdiyi Qarabağdakı separatçılar idi, onların hərəkətləri idi.”
Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktı Azərbaycan dövlətinin lokal antiterror tədbirlərinə başlamasına səbəb oldu. Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə oldu? Azərbaycan davam etdimi? Xeyr! Dövlət başçısı qeyd etdi ki, belə bir niyyətimiz yox idi. Nəticədə harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq niyyətimiz bundan ibarət deyildi. Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik. Müzəffər Ali Baş Komandan belə bir çağırışı etdi ki, bunu Ermənistan hakimiyyəti, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.
Lokal antiterror tədbirlərinin nəticələri sülh müqaviləsinin imzalanması üçün bütün maneələrin aradan götürüləcəyinə böyük inam yaratdı. Bir mühüm məqamı da qeyd edək ki, Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağdakı erməni icması ölkəmizin təklif etdiyi məkanda-Yevlaxda görüşə razılıq verdilər. Sentyabrın 20-dən sonra dəfələrlə belə formatda görüşlər keçirilib.
Reallıq budur ki, 20 sentyabrda suverenliyimizi artıq tam bərpa etmişik. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Azərbaycan hər zaman olduğu kimi sülh tərəfdarıdır. Cənab İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh, bu əraziləri bərpa etmək, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, 2020-ci il noyabrın 8-də Qarabağın tacı Şuşa işğaldan azad edildi. İki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu. Bu ilin aprelin 23-də Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaradaraq ərazi bütövlüyümüzü tam təmin etdik. Çünki bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Sentyabrın 20-də isə öz suverenliyimizi tam bərpa etdik. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan hökuməti 20 sentyabradək baş verənləri düzgün təhlil etsə, sülh əlçatandır. Bu, regionun gələcəyi ilə bağlı baxışımızdır.
Azərbaycan tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayır. İşğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanına çevrilib. Xalqımız tam əmindir ki, tezliklə Böyük Qayıdış Proqramının icrası uğurla başa çatacaq.
Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev Zəfərimizin əbədiləşdirilməsi və şəhər günlərinin təsis edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu sənədə əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür.
4 oktyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Cəbrayıl şəhərini və rayonun 9 kəndini düşmən tapdağından azad etdi. Artıq üç ildir ki, qürurla torpaqlarımızın işğaldan azad edildiyi tarixi qeyd edirik. 30 illik işğala 44 gündə son qoyulması, əraazi bütövlüyümüzün bərpa edilməsi Azərbaycanın malik olduğu imkanların təqdimatında mühüm rol oynadı. Bir daha sübut edildi ki, Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Ermənilərin və erməni lobbisinin illərdir yaratdıqları “güclü ordu”, “məğlubedilməz xalq” mifləri tamamilə dağıdıldı. Dünya bir daha gördü ki, ən güclü ordu Azərbaycan Ordusu, ən məğlubedilməz, yenilməz xalq Azərbaycan xalqıdır.
Siyasəti ədalətə, beynəlxalq hüquqa əsaslanan, tarixi faktlara söykənərək həqiqətlərini təbliğ edən ölkə qalib olur. Azərbaycan bu reallığı təsdiqlədi. Baxmayaraq ki, dünyanın ikili standartlara əsaslanan siyasətinə arxalanan Ermənistan kimi özünə saxta tarix yazan dövlət yalanın həqiqət üzərində qələbəsinin mümkünlüyünü təsdiqləməyə cəhd edirdi. Mənfur düşmən 44 günlük İkinci Qarabağ müharibəsində belə bir düşüncənin reallıqdan nə qədər uzaq olduğunu bir daha gördü.
Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində üstünlüyü qazanmasında Qarabağ münaqişəsi ilə bağlı möhkəm hüquqi bazanın mövcudluğu mühüm rol oynadı. Rəşadətli Ordumuz 44 günün hər gününü tariximizə Zəfər səhifəsi kimi yazdı. Cəbrayıl azad edilən ilk şəhərdir.