Xəbərlər
Mərkəzi Asiyada regional ticari əməkdaşlıq məsələləri müzakirə ediləcək
İyulun 3-də BMT-nin Cenevrə bölməsində Mərkəzi Asiyada ticarət sahəsində regional əməkdaşlıq məsələlərinə dair yüksək səviyyəli seminar keçiriləcək. BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) təşkil etdiyi seminarda Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan nümayəndələri iştirak edəcəklər.
BMT AİK-in regional müşaviri Mario Apostolov BMT Radiosuna müsahibəsində bildirib ki, seminar BMT-nin Mərkəzi Asiyanın beş ölkəsi (CPEKA), habelə Azərbaycan və Əfqanıstan iqtisadiyyatları üçün Xüsusi proqramı çərçivəsində təşkil edilib.
Mario Apostolov deyib: "İşçi qrupumuz 10 ildən çoxdur ki, BMT-nin iki regional komissiyasının – AİK-in və Asiya və Sakit Okean Ölkələri üzrə İqtisadi və Sosial Komissiyanın (ESKATO) Mərkəzi Asiyada ticarət sahəsində inkişaf etdirdikləri konkret layihələr ilə məşğuldur. ESKATO işini bir az məhdudlaşdırıb. Odur ki, BMT AİK-in rəhbərliyi Mərkəzi Asiyada regional ticarəti dəstəkləmək üçün başqa qurumlarla əlaqə yaratmaq imkanlarını öyrənmək qərarına gəlib".
Onun sözlərinə görə, seminarda ticarət prosedurlarının sadələşdirilməsi, regional əməkdaşlığın qurulmasında qabaqcıl təcrübə mübadiləsi, Dünya Ticarət Təşkilatının qaydalarına söykənən qlobal ticarət sisteminə inteqrasiyanın dəstəklənməsinə dair milli və regional strategiyaların və ya "yol xəritələrinin" işlənib hazırlanması məsələlərini müzakirə etmək nəzərdə tutulur.