YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“Sağlamlığımızı birlikdə qoruyaq, zərərli vərdişlərə yox deyək!”

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq sentyabrın 29-da Tovuz rayonunda “Sağlamlığımızı birlikdə qoruyaq, zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib.

Tovuz rayonu Nizami adına mədəniyyət evində baş tutan tədbirdə Tovuz, Şəmkir, Qazax, Gədəbəy və Ağstafa rayonlarını təmsil edən fəal gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Sonra Tovuz rayon Şəhidlər xiyabanı ziyarət edilərək qəhrəman Vətən övladlarının xatirəsi hörmətlə anılıb, məzarları üzərinə tər güllər düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Tovuz rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH yanında Nakomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Rəşad Zeynalov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı  Səhmdar Cəmiyyətinin əməkdaşı Alməmməd Nəbiyev və Tovuz Rayon Polis Şöbəsinin Narkotiklə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı İntiqam Allahverdiyev çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizə mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə əsas məqsəd yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və  maarifləndirmə işini lazımi səviyyədə aparmaqdır. Diqqətə çatdırılıb ki, narkomanlığa və narkotiklərə qarşı effektiv mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən mübarizə tədbirləri nəticəsində mühüm uğurlar əldə olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyi qeyd edilib.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təbliği məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.