YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“Qurtuluş məfkurəsi: konstitusion quruluşdan suverenlik zirvəsinə”

İyunun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının, YAP Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: konstitusion quruluşdan suverenlik zirvəsinə” mövzusunda konfrans keçirilib.

Heydər Əliyev adına Neft Emalı Zavodunda keçirilən tədbirdə əvvəlcə Ümummilli Liderin büstünün önünə əklil və gül dəstələri qoyulub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə tədbir iştirakçılarını qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən A.Rəhimzadə bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də, onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı: “Ozamankı hakimiyyət isə respublikanı  idarə etmək iqtidarında deyildi. Bu səbəbdən də respublikamızda dərin böhran hökm sürür, torpaqlarımızın isə Ermənistan tərəfindən  işğalı davam edirdi. Belə bir şəraitdə xalqımız, o cümlədən dəyərli ziyalılarımız  bu ağır durumdan çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü”.

YAP Veteranlar Şurasının sədri qeyd edib ki, 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni mərhələ başlandı. O, tarixi qayıdışdan sonra ölkəmizin bütün çətinliklərdən xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. A.Rəhimzadənin sözlərinə görə, bu gün milli qurtuluş məfkurəsinin təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan beynəlxalq müstəvidə güclü, qüdrətli dövlətə çevrilib. “Dəmir yumruq” əməliyyatı ilə qazanılan tarixi Zəfərin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə, eyni zamanda, xarici siyasətdə uğurları və xalq-iqtidar birliyi dayanır”. 

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov isə bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan tarixində müstəsna yer tutur. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu: “Ulu Öndərin tarixi qayıdışından sonra respublikada bütün sahələr üzrə dirçəliş dövrü, Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başladı, siyasi və iqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Bütövlükdə, bu gün ölkəmiz dünyanın nüfuzlu dövlətləri sırasındadır. Xüsusilə əlamətdar haldır ki, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı Ermənistanın işğalından azad etdi, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Biz Milli Qurtuluş Gününü qələbə əhval-ruhiyyəsi ilə qeyd edirik. Qazanılan bütün nailiyyətlərin əsasında Qurtuluş məfkurəsi dayanır”.

“Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Sudeyif İmamverdiyev çıxışında bildirib ki, 1993-cü il iyunun 15-i xalqımızın yaddaşına qurtuluş tarixi kimi yazılıb: “Bu tarixi yaradan isə Ulu Öndər Heydər Əliyevdir. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Əgər hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl respublikasına çevirmişdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirərək ölkəmizi müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi, inkişaf yoluna çıxardı”.

“Milli Qurtuluş Günü Azərbaycana böyük uğurlar qazandırdı və bu gün də qazandırmaqdadır. “Qurtuluş Azərbaycana nə verdi?” sualının ümumiləşdirilmiş cavabı budur ki, Azərbaycanın dövlət müstəqilliyinin daimiliyi, sarsılmazlığı təmin edildi”,-deyə S.İmamverdiyev vurğulayıb.

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov da çıxışında 15 İyun - Milli Qurtuluş Gününün tariximizdəki rolundan danışaraq müstəqil Azərbaycanın qurulması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Onun sözlərinə görə, Ulu Öndərimiz tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaradıb və Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter almasına nail olub: “Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, Azərbaycanın müstəqilliyi əbədi olacaq və ölkəmizin qüdrəti daha da artacaq”.

Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub, yubiley yaşında olan partiyanın Nizami rayon təşkilatının ərazi partiya təşkilat sədrləri və veteranları təltif edilib, YAP Nizami rayon təşkilatının könüllülük layihəsinin məzunlarına sertifikatlar verilib.

Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.