Partiya xəbərləri
“Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar”
Mayın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, YAP Quba rayon təşkilatının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə “Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Quba şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətini üzvi şəkildə birləşdirən yeni dövlət modeli idi. Bu nümunəvi model sonralar dövlət müstəqilliyi əldə etmiş digər cümhuriyyətlər üçün də örnək oldu.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov isə çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yer tutduğunu vurğulayıb. O, xalqımızın o dövrdə çətin sınaqlarla üz-üzə qaldığını, müstəqilliyə gedən yolda böyük faciələrlə üzləşdiyini diqqətə çatdırıb: “1918-ci ilin mart ayında Qubada və digər bölgələrdə erməni daşnakları tərəfindən törədilən qətliamlar bunun göstəricisidir. Bu gün Quba Soyqırımı Memorial Kompleksi tarixi həqiqətləri özündə ifadə edir”.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında deyib ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin milli dövlətçilik ənənələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacardı.
Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixindəki rolunun daim xatırlandığını, Cümhuriyyət rəhbərlərinin xatirəsinin əziz tutulduğunu diqqətə çatdıran A.Rəhimzadə deyib: “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə ifadə edib. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması milli dövlətçilik tariximizə göstərilən diqqət və qayğının bariz nümunəsidir”.
YAP Veteranlar Şurasının sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirilir.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə isə bildirib ki, 28 May Azərbaycan tarixinin əzəmətli günlərindəndir: “Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin mühüm dövrlərindən biri XIX əsrin sonu - XX əsrin əvvəlləridir. Bu dövrdə ölkəmizin ziyalıları bütün imkanlardan istifadə edərək Azərbaycan xalqının milli mənlik şüurunu oyanması, maariflənməsi üçün mübarizə aparıblar”.
D.Seyidzadə Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə həyata keçirilən bir sıra mühüm tədbirlər, qəbul edilən qanunlar, Cümhuriyyət qurucularının siyasi fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin tam həyata keçirə bilmədiyi müstəqillik arzularının Ulu Öndər Heydər Əliyev və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən gerçəkləşdirildiyini diqqətə çatdırıb: “Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi əbədi və sarsılmaz edib. Prezident İlham Əliyev isə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməklə adını milli tariximizə qızıl hərflərlə yazdırıb. Gənclərimizin üzərinə düşən əsas vəzifə isə Ulu Öndər Heydər Əliyev irsini dərindən öyrənmək, Prezident İlham Əliyevin siyasətini dəstəkləmək və müstəqil dövlətimizi daim qorumaqdır”.
İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Daha sonra YAP sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.