Xəbərlər
Ermənistan diplomatik səylərə qəsdən mane olur

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Bugünümüzün reallıqları 30 illik işğal dövründə yaşananlara diqqət yönəltməyi bir tələb kimi qarşımıza qoyur. Məlum olduğu kimi, avqustun 16-da BMT Təhlükəsizlik Şurası Ermənistanın qeyri-ciddi, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyan müraciətinə uyğun olaraq müzakirələr keçirdi. Bu müzakirələr Azərbaycanın növbəti diplomatik qələbəsi olsa da BMT Təhlükəsizlik Şurasının belə bir addım atması müxtəlif sualların yaranmasına səbəb oldu. Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistan BMT qətnamələrini yerinə yetirmək barədə düşünmədi. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları Ermənistanı bu qətnamələri icra etməyə məcbur edəcək addımlar barədə düşünmədi. BMT qətnamələri 27 il sadəcə bir kağız parçası olaraq masa üzərində qaldı. Məhz işğalçı dövlətə göstərilən bu diqqət və qayğının nəticəsi idi ki, Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata müsahibəsi zamanı jurnalistin beynəlxalq hüquqla bağlı sualını cavablandırarkən onun mövcudluğunu şübhə altına aldı. Bir qədər də irəli gedərək “beynəlxalq hüquq mövcuddumu” sualı ilə müraciət etdi. Ermənistan baş naziri bu açıqlaması ilə işğalçı dövlətə illərdir edilən sığallara aydınlıq gətirdi. Beynəlxalq hüququn, ədalətin mövcudluğundan xəbərsiz olan Ermənistana 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan ədalət, hüquq, tarix dərslərini keçdi və tarixi Zəfəri ilə nəinki Ermənistana, ona havadarlıq edən dövlətlərə sübut etdi ki, ədalət və beynəlxalq hüquq məfhumları mövcuddur, onların tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməlidir.
Dünyada müəyyən qüvvələr indi də ermənilərin hay-küylərini ciddiyə alaraq BMT Təhlükəsizlik Şurasında Qarabağdakı ermənilərlə bağlı iclasın çağırılmasına dəstək olmaları birmənalı qarşılana bilməz. Unutmayaq ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanla bağlı həqiqətlər öz əksini tapıb. Bu qurumun 27 il Ermənistanın sözügedən qətnamələrə məhəl qoymamamasına göz yumması, bu gün isə işğalçı dövlətin əsassız təbliğatına uyaraq müzakirələr təşkil etməsi bütün hallarda müsbət qarşılana bilməz. Bütün bu cəhdlərə baxmayaraq yenə də diplomatik uğur qazanan Azərbaycan oldu. Bu müzakirələr Ermənistan diplomatiyasının tam iflasıdır. Ermənistanın, erməni diasporunun, ermənipərəst dairələrin səyləri nəticəsiz qaldı. Necə deyərlər, toplaşdılar, söhbətləşdilər və dağılışdılar. Bu, Fransa və Ermənistanın artıq ikinci iflası oldu. Ötən ilin dekabrında da məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsinə cəhd etmişdilər. Hər iki halda cəhdlər nəticəsiz qaldı.
Qondarma “Dağlıq Qarabağ” rejiminin və Ermənistanın gözləntilərinin əksinə BMT Təhlükəsizlik Şurasında müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etmədilər. Rəsmi İrəvanın növbəti təxribatı səmərəsiz oldu. Hadisələrin gedişi göstərir ki, Ermənistan diplomatik səylərə qəsdən maneçilik törədir. Azərbaycan Xarici İşlər Nazirliyinin Nikol Paşinyanın avqustun 17-də hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələr və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsi ilə bağlı şərhində qeyd edildiyi kimi, bölgədə sülh və sabitliyin təminatının yolu əsassız iddialarla BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmaqdan deyil, ərazi bütövlüyü, suverenlik və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir.