YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi riyakarlıq nümunəsi

Hərbi təxribatlardan əl çəkməyən Ermənistan indi də “blokada” və ya “humanitar böhran” şouları yaratmağa cəhdlər edir. Təbii ki, bu Ermənistanın növbəti avantürasıdır. Rəsmi İrəvan ölkəmizə qarşı əsassız və sübutu olmayan iddialar səsləndirir. Hətta Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT Təhlükəsizlik Şurasının 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq əksər dövlətlər Ermənistanın tezislərini dəstəkləmədilər, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədilər. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir.

Rəsmi İrəvanın BMT Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.   Siyasi riyakarlıqdan əl çəkməyən və 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və Təhlükəsizlik Şurası sədrinin bir sıra bəyanatlarına   açıq-aşkar məhəl qoymayan Ermənistan indi qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir. Qondarma Dağlıq Qarabağ rejiminin və Ermənistanın gözləntilərinin əksinə BMT Təhlükəsizlik Şurasındakı müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma Dağlıq Qarabağ rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etmədilər. Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT Təhlükəsizlik Şurasının gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansısa beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalını sıfıra endirdi.

Ermənistanın beynəlxalq təşkilat səviyyəsində fiaskoya uğramasının əsasında heç şübhəsiz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən xarici siyasəti dayanır. Ölkə başçımızın düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması Təhlükəsizlik Şurasında Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib. Ölkəmizin prinsipial və ədalətli mövqeyi mövcudur. Belə ki, Azərbaycan hökuməti Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir və bunu bütün beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə dilə gətirib.

Ermənistan, qondarma Dağlıq Qarabağ rejimi və erməni diasporu riyakar niyyətinə nail ola bilmək üçün müxtəlif vasitələrə əl atdılar.  Belə ki, ermənilər BMT Təhlükəsizlik Şurasında müzakirələr başlamadan əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun qərəzli və faktlara əsaslanmayan hesabatının beynəlxalq ictimaiyyəti ayağa qaldıracağına ümid edir, bu məqsədlə genişmiqyaslı təbliğat kampaniyası aparırdı. Amma nəticədə məlum oldu ki, Okamponun hesabatının səs-sorağı heç İrəvandan kənara çıxmayıb. Təhlükəsizlik Şurasında məruzəçi dövlətlərin heç biri Okamponun qərəzli hesabatı haqqında bir söz belə olsun demədi. Əvəzinə isə, Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun fikirləri dilə gətirildi.  Bu da bir daha təsdiq etdi ki, Luis Moreno Okamponun qərəzli hesabatı kağız parçasıdır.

Təhlükəsizlik Şurasında məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi, dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. Ümumilikdə proses milli maraqlarımızın xeyrinədir və ölkəmizə dəstək artır. Təhlükəsizlik Şurasındakı müzakirələr Qarabağdakı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyini göstərdi, Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi.  Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamaqla BMT Təhlükəsizlik Şurası Qarabağdakı separatçılara, Ermənistandakı militarist  dairələrə və diaspordakı daşnaklara qəti şəkildə bildirdi ki, müstəqil artsax adlı dövlət qurumu olmayacaq.

DİGƏR Xəbərlər Arxiv