YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir

Əli Hüseynli

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş iclasdakı çıxışı ölkəmizdə elmin gələcək inkişafı üçün strateji yol xəritəsini müəyyənləşdirən proqram xarakterli sənəd kimi dəyərləndirilə bilər. Prezidentin nitqində irəli sürülən ideyalar və tezislər bir daha göstərdi ki, müasir mərhələdə elmin inkişafı yalnız akademik deyil, həm də milli təhlükəsizlik, iqtisadi tərəqqi, texnoloji müstəqillik və ideoloji suverenlik məsələsidir.

Elm hər bir dövlətin gələcəyini müəyyən edən aparıcı amildir. Möhtəşəm Zəfər tariximizin 5 illik yubileyi ərəfəsində Azərbaycan elmi qarşısında duran vəzifələrlə bağlı təhlillərini açıqlayan cənab İlham Əliyev yeni reallıqlara uyğun tövsiyyə və tapşırıqlarını verdi: “Azərbaycan elmi müasir çağırışlara cavab verən, dövlətin strateji hədəflərinə xidmət edən intellektual resurslar mərkəzinə çevrilməlidir”. Bu, həm elmi idarəetmənin təkmilləşdirilməsi, həm də gənc nəslin elmə cəlb olunması baxımından yeni mərhələnin başlanğıcı deməkdir.

Elm və texnologiyanın sintezi – innovativ inkişafın əsasını təşkil edir. Prezidentin çıxışında məhz bu məqam üzərindən mühüm istiqamətlərdən biri kimi elmi nəticələrin praktiki tətbiqi və iqtisadiyyatla inteqrasiyası məsələsi xüsusi vurğulandı. Çünki elm artıq yalnız nəzəri biliklər toplusu deyil, həm də rəqabətqabiliyyətli məhsulların və innovasiyaların yaradılmasına xidmət edən istehsal amilidir.

Azərbaycanın sürətli sənaye və texnoloji inkişafı, rəqəmsal iqtisadiyyatın genişlənməsi, kosmik sənaye, “yaşıl enerji” və müdafiə texnologiyaları sahəsində əldə olunan nailiyyətlər elmi potensialın gücləndirilməsini zəruri edir. Prezident İlham Əliyev qeyd etdi ki, “bizim elmi tədqiqatlarımız mütləq ölkəmizin inkişaf prioritetlərinə xidmət etməlidir – enerji, kənd təsərrüfatı, ekologiya, informasiya texnologiyaları, süni intellekt və biotexnologiya kimi sahələrdə”.

Ölkə rəhbərinin çıxışında AMEA-nın qarşısında duran əsas vəzifələrdən biri kimi institusional islahatlar və idarəetmədə səmərəliliyin artırılması göstərildi. Prezidentin qeyd etdiyi kimi, bu elm məbədinin yenidən formalaşması idarəetmədə çeviklik və məsuliyyət tələb edir. Müasir dövrdə Akademiyanın fəaliyyətinin yalnız klassik elmi tədqiqatlarla məhdudlaşmaması, onun elmi siyasətin koordinasiya mərkəzinə çevrilməsi vacibdir.

Təbiidir ki, bütün bunlar AMEA-nın strukturunda islahatların aparılması, yeni nəsil alimlərin proseslərə cəlb edilməsi, elmi nəticələrin ictimaiyyətə və dövlət idarəçiliyinə inteqrasiyası istiqamətində konkret addımların  atılması ilə müşayiət olunmalıdır. Prezidentin sözləri ilə desək, “AMEA müasir dövrün çağırışlarına uyğun çevik, açıq və innovasiyaya əsaslanan bir institut olmalıdır”.

Gənclərin elmə cəlb edilməsi intellektual kapitalın qorunması üçün vacib şərtdir. Azərbaycan elminin sabahı gənc tədqiqatçıların potensialına bağlıdır. Prezident İlham Əliyev gənclərin elmə marağının artırılmasının dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğuladı. Bu baxımdan, elmi mühitin cazibədar edilməsi, tədqiqat fəaliyyətinə dəstək mexanizmlərinin gücləndirilməsi, doktorantura və postdoktor proqramlarının genişləndirilməsi əsas prioritetlərdəndir. Eyni zamanda, gənc alimlərin beynəlxalq elmi şəbəkələrə çıxışı, birgə layihələrdə iştirakı və xaricdə təhsil təcrübələrinin Azərbaycanda tətbiqi üçün müvafiq şərait yaradılmalıdır. Elm həm də milli kadr siyasətinin dayaq sütunu kimi formalaşmalıdır.

Prezident İlham Əliyevin çıxışında milli-mənəvi dəyərlərlə elmi inkişafın sintezi böyük diqqət çəkən mühüm məqamlardan biridir. Belə ki, elmin milli kimlik və mədəniyyətlə vəhdətdə inkişafı mühüm prinsip kimi qarşıya qoyulur. Azərbaycan elmi həm müasir qlobal trendləri izləməli, həm də milli dəyərlər sisteminə əsaslanmalıdır. Bu, həm dil, tarix, ədəbiyyat, fəlsəfə kimi  humanitar elmlərin inkişafında xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin fikrincə, elm yalnız texnoloji tərəqqi deyil, həm də milli düşüncənin dərinləşməsi vasitəsidir. AMEA-nın bu istiqamətdə fəaliyyəti milli ideoloji təməllərin elmi əsaslarla möhkəmlənməsinə xidmət etməlidir.

Prezidentin nitqində yalnız elmin texnoloji və innovativ istiqamətləri deyil, milli-mənəvi dəyərlərin, dilin və tarixi həqiqətlərin qorunması da elmi fəaliyyətin əsas tərkib hissəsi kimi dəyərləndirildi və bununla bağlı müvafiq qurumlar qarşısında ciddi məsələlər qoyuldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan elmi təkcə bilik mənbəyi deyil, həm də milli kimliyin, tarixi ədalətin və dilin saflığının qoruyucusudur.

Çıxışda xüsusilə Azərbaycan dilinin qorunması məsələsi milli ideologiyanın əsas sütunlarından biri kimi qiymətləndirildi. Dövlət başçısı bildirdi ki, dil təkcə ünsiyyət vasitəsi deyil, xalqın kimliyinin, mənəvi müstəqilliyinin və dövlətçiliyinin simvoludur. Elm, ədəbiyyat, təhsil və informasiya siyasəti Azərbaycan dilinin inkişafına xidmət etməlidir. Prezident bu məsələdə alimlərin, xüsusən dilçi və ədəbiyyatşünasların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi. O, xəbərdarlıq etdi ki, qloballaşma və texnoloji asılılıq şəraitində milli dilin qorunması yalnız qanunvericilik deyil, həm də ideoloji məsələdir. Elm və təhsil sahələrində Azərbaycan dilinin nüfuzunun artırılması, terminoloji sistemin təkmilləşdirilməsi və dövlət dilinin beynəlxalq səviyyədə tanıdılması bu istiqamətdə başlıca vəzifələr kimi göstərildi.

Cənab İlham Əliyev tarixi elmlərin qarşısında dayanan vəzifələri də xüsusi vurğuladı. O qeyd etdi ki, Azərbaycan tarixinin saxtalaşdırılması uzun illərdir bəzi xarici dairələrin və xüsusən erməni ideoloqlarının məqsədyönlü fəaliyyətidir və bu təbliğata qarşı elmi əsaslı, sənədlərlə təsdiqlənmiş cavablar hazırlanmalıdır. Prezident alimlərə müraciətlə bildirdi ki, “Azərbaycan tarixi yalnız faktların toplusu deyil, milli yaddaşın dirçəldilməsidir”. Bu baxımdan AMEA-nın qarşısında duran vəzifə real, faktoloji əsaslı və beynəlxalq səviyyədə tanınan elmi əsərlərin hazırlanmasıdır. Tarixşünaslıqda sovet dövründən qalan təhriflərin aradan qaldırılması, Qarabağ, Zəngəzur, Göyçə, Dərələyəz kimi bölgələrin Azərbaycan tarixindəki yerinin dəqiq şəkildə araşdırılması dövlət başçısı tərəfindən mühüm elmi missiya kimi dəyərləndirildi.

Prezident İlham Əliyev çıxışında azərbaycanlı qaçqınların Ermənistan ərazisinə qayıdışını tarixi ədalətin və beynəlxalq hüququn tələbi kimi dəyərləndirərək bununla bağlı siyasi mövqeyini bir daha açıq şəkildə bəyan etdi. O bildirdi ki, ermənilərin 30 il ərzində törətdikləri işğal siyasətinin nəticələri aradan qaldırıldığı halda eyni etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma torpaqlarına qayıdışı da bərpa olunmalıdır. Bu məsələ həm siyasi, həm humanitar, həm də tarixi ədalətin bərpası baxımından prioritet hesab edilir. Ermənilər isə bu qayıdışdan əndişələnməməlidirlər, çünki Azərbaycan xalqı tarix boyu mehriban birgəyaşayış prinsiplərinə sadiq qalaraq hər zaman separatism meyillərindən uzaq olduğunu sübut edib. Prezident qeyd etdi ki, elmi dairələr, xüsusən tarixçilər və hüquqşünas alimlər bu məsələnin hüquqi-siyasi əsaslarını beynəlxalq elmi məkanlarda əsaslandırmalı, tarixi faktlarla sübut etməlidirlər.

Elmin beynəlmiləlləşməsi və Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası müasir dövrdə qlobal xarakter daşıyır. Prezident İlham Əliyev çıxışında Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılması, alimlərimizin nüfuzlu elmi jurnallarda çıxış etməsi və qlobal elmi layihələrdə iştirakının artırılmasının vacibliyini qeyd etdi. Vurğulandı ki, Azərbaycan elmi artıq regionun deyil, dünya elmi məkanının fəal iştirakçısına çevrilməlidir. Bu məqsədlə elmi diplomatiya, beynəlxalq tədqiqat şəbəkələri və birgə innovativ layihələr prioritet istiqamətlərdəndir.

Beləliklə, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyi münasibətilə proqram xarakterli  çıxışı, əslində, Azərbaycan elminin inkişaf strategiyası üçün ideoloji və praktiki təməl rolunu oynayır. Burada irəli sürülən tezislər elmi idarəetmənin yenilənməsi, texnoloji innovasiyaların təşviqi, gənclərin elmə inteqrasiyası və milli-mənəvi dəyərlərlə elmi tərəqqinin sintezini hədəf götürür. Bu gün Azərbaycan elmi qarşısında duran əsas vəzifə biliyə əsaslanan, innovativ və milli maraqlara xidmət edən elmi sistemin formalaşdırılmasıdır. Bu isə Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursun davamlı şəkildə həyata keçirilməsini tələb edir.