Xəbərlər
Ermənistandakı ermənilərə mesajlar çatdırıldı
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin Şuşa Qlobal Media Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər, çağırışlar hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Cənab İlham Əliyev əsaslı şəkildə Azərbaycanın sülh və əməkdaşlıq məkanı olduğunu bir daha dünya ictimaiyyətinə çatdırdı. Prezident İlham Əliyevin suallara dolğun cavabları, hər bir məsələ ilə bağlı Azərbaycanın mövqeyini aydın şəkildə ifadə etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzuna və roluna yeni əlavələr etdi.
Dövlət başçısı İlham Əliyev bu məqamı da böyük qürur hissi ilə qeyd etdi ki, müharibədə qalib gəlmək siyasi həyatının missiyası idi. Bir çox amillərə - siyasi amillərə, işğal edilmiş ərazilərdə hərbçilərimiz üçün bir neçə müdafiə səddinin keçilməsini çətinləşdirən uzunmüddətli infrastruktur layihələrinin olmasına baxmayaraq, müharibədə qalib gəldik: “Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq.”
Otuzillik işğal dövründə ermənilərin bu ərazilərimizdə törətdikləri dağıntıların miqyası ölçüyəgəlməzdir. Bütün tikililər dağıdılıb, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. Ermənilər bu torpaqlarımızı erməniləşdirmək üçün Azərbaycan xalqının izlərini silməyə cəhd etdilər. Amma unutdular ki, izləri silmək, tarixi saxtalaşdırmaq qeyri-mümkündür. Danışan hər zaman tarixi həqiqətlər, faktlar olur. Azərbaycan xalqı daim tarixinə sahib çıxan, yenilməz, məğrur xalq kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bu mühüm məqamı da açıqladı ki, 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı.
Prezident İlham Əliyev müsahibəsində Ermənistanda yaşayan ermənilərə də mesajlarını çatdırdı. Bildirdi ki, onların dövləti ilə sülh istəyirik. Ermənistana qarşı ərazi iddialarımız yoxdur. Baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, heç bir ərazi iddiamız yoxdur: “Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi.” Dövlət başçısı onu da əlavə etdi ki, bu, təkcə bununla bitmədi. Müharibə, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar: “İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.”
Azərbaycan bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə sülh çağırışını etdi. Regionda dayanıqlı iqtisadi inkişafa, sülhə, təhlükəsizliyə nail olmaq üçün Ermənistanla yeni səhifənin açılması mütləqdir ki, bu da öz növbəsində sülh müqaviləsinin qısa zamanda imzalanmasını bir tələbə çevirir.