YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Güvən yerimiz, qürur mənbəyimiz

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərb sahəsindən uzaq düşməsinə gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan xalqını fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi və nəhayət 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı.

Lakin, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasında  güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. O dövrdə bu addımı atmaq çətin bir iş idi. Məşhur Suvorov adına, Naximov adına hərbi məktəblərin mövcud olduğu bir zamanda kiçik respublika olan Azərbaycanda hərbi məktəbin yaradılması çətin bir məsələ idi. Lakin, burada da dahi liderimizin əvəzolunmaz siyasəti öz nəticəsini verdi. O, azərbaycanlı tələbələrin rus dilini pis bildikləri üçün həmin məktəblərdə yaxşı təhsil ala bilmədiklərini əsas gətirərək, həmin tələbələrin öz dillərində təhsil almalarının və bunun üçün də Azərbaycanda hərbi məktəbin yaradılmasının vacibliyini önə çəkdi. Əslində o zaman Heydər Əliyev gələcəkdə Azərbaycanın müstəqil olacağına daxilən inanmış və bunun üçün də Azərbaycanda milli hərbi kadrların yetişdirilməsi üçün var qüvvəsi ilə çalışmışdır. Ulu Öndər o dövrdə  azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu.

Sonralar Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz Cəmşid Naxçıvanski adına hərbi liseyin bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimiz üçün mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona  bu cür də baxacağam”.

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmir, ölkədə xaos və anarxiya hökm sürürdü. Respublikanı hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi.  Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Müdrik rəhbər və dahi sərkərdə olan Ümummilli Liderin 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olmasından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başladı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı, orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər öz həllini tapdı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldi. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.

2001-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 83-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə nitq söyləyən Ümummilli Lider demişdir: “Ordu yaratmaq, qurmaq asan bir iş deyildir. Ona görə də ordunun, Silahlı Qüvvələrin yaranmasına, ordu quruculuğuna dövlətin, bütün hakimiyyət orqanlarının xüsusi qayğısı olmalıdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu qayğını göstərir və bundan sonra da göstərəcəkdir. Ancaq bu təkcə məndən asılı deyildir. Hər bir hakimiyyət orqanının kiçik, ya böyük hissəsi, hər bir vətəndaş gərək hər bir sahədə ordu quruculuğuna öz töhfəsini, öz payını versin. Çünki ordu xalqındır. Ordu, Silahlı Qüvvələr xalqın təhlükəsizliyini və müstəqil dövlətin suverenliyini qorumaq üçün lazımdır”.

Heydər Əliyev hər şeydən əvvəl ordu quruculuğuna dövlət rəhbərliyini təmin edərək bu prosesi dövlətin müstəsna səlahiyyətləri səviyyəsinə qaldırdı. Ordunu siyasətdən kənarlaşdıraraq ölkə Konstitusiyasından irəli gələn vəzifələrə xidmət göstərməsini təmin etdi, ordunun formalaşmasını, təşkilatlanmasını və təchizatını qəbul edilmiş qanunlarla normalaşdırdı, orduda vahid komandanlığın praktiki əsaslarını yaradaraq idarəetmə strukturlarına qarşı məsuliyyəti ciddiləşdirdi, ordu quruculuğunu dövlət quruculuğunun digər sahələri ilə üzvü şəkildə əlaqələndirdi. Ordu dövlətin gündəlik qayğısı ilə əhatə olundu, tələbatları vaxtlı-vaxtında ödənildi, bu istiqamətdə dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı. Dövlətin və xalqın mənafelərinə cavab verən hərbi siyasət müəyyənləşdirildi ki, bununla da ordu quruculuğunun vəzifələri, onların icra yolları konkretləşdirildi, dövlətin yetərli müdafiə qabiliyyətinin yaradılması üçün əməli addımlar atıldı.

Ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcı Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il tarixli müraciəti ilə qoyuldu. Bu müraciət bir tərəfdən sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirən bir sənəd idisə, bir tərəfdən də Heydər Əliyevin xalqa çağırışı idi. Bu çağırış xalqın bütün təbəqələri tərəfindən qəbul edildi və xalqın bütün potensialı ordu quruculuğuna istiqamətləndirildi. Yəni, Heydər Əliyev xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə səfərbər edə bildi. Heydər Əliyev respublika ağsaqqallarına, ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə, din inanclı insanlara, iş adamlarına müraciət edib onları orduya daha yaxından kömək etməyə, əsgər və zabitlərin mübariz döyüş ruhunda tərbiyə olunmasına yardım etməyə, orduda baş verən neqativ halların qarşısının alınmasında qətiyyətli mövqe tutmağa çağırdı.

Azərbaycan Respublikası Prezidentinin 1998-ci ilin mayında imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd edilməyə başlandı.

2003-cü il aprelin 19-da Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirilən yubiley mərasimində çıxış edərkən liseydə təhsil alan kursantların ali hərbi məktəblərə daxil olmaq üçün lazımi biliklər toplayacaqlarına və gələcəkdə Azərbaycanın dəyərli zabitləri olacaqlarına inandığını qeyd edən Ulu Öndərimizin son çıxışı da elə həmin mərasimdə oldu. Bu çıxış zamanı baş verən hadisə gənc hərbçilərimiz üçün əsil mətinlik nümunəsinə çevrildi. İki dəfə kəskin ürək ağrısı ucbatından nitqini dayandırmalı olan Ulu Öndər sonadək  böyük iradə nümayiş etdirdi  və yenidən tribunaya qayıdıb çıxışını sona yetirdi. Bu addım gənc zabitlərimiz üçün əsil örnək olacaq bir addım idi.

XXI əsrin ikinci onilliyinin əvvəllindən başlayaraq Azərbaycan Ordusu öz inkişafının ən uğurlu dövrünü yaşamaqdadır. Çünki Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində izlənilən aydın siyasət, həyata keçirilən konkret tədbirlər Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirməklə, dünya miqyasında öncül sıralardan birinə çıxarıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlaması üçün əsaslı bir təminat idi. Beləliklə dünya Azərbaycan Ordusunun gücünü 2016-cı ilin aprel ayında görməyə məcbur oldu. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin minlərlə hektar hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir" fikirləri məhz bu baxımdan diqqəti cəlb edir.

Məhz  ordumuzun gücü və qüdrəti sayəsində 2020-ci ilin 27 sentyabrından 10 noyabra qədər davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. Azərbaycan xalqı öz əzmini, birliyini, gücünü sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu. Biz öz əzəli torpaqlarımıza alnıaçıq, üzüağ, zəfər bayrağı ilə qayıtdıq.

30 ilin torpaq həsrətinə son qoyan Möhtəşəm Zəfər bizi Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük günə çatdırdı. Tarixi yaşayış məskənlərimiz azad edildi. Artıq Müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır. Bir sözlə  ordumuz dövlətimizin dayağı, məğrur xalqımızın güvən yeri və qürur mənbəyidir.

DİGƏR Xəbərlər Arxiv