Xəbərlər
Qəhrəmanlıq simvolu

Xalqımız şanlı və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 illiyini böyük qürur və sevinc hissi ilə qeyd edir. Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri gücünə və peşəkarlığına görə dünya ölkələrinin reytinqində də öncül yerlərdədir.
Bu fikirləri Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, siyasi şərhçi Emin Bağırov bildirib. O qeyd edib ki, şərəfli tarixi yol keçən Azərbaycan Ordusunun yaranması 1918-ci il iyunun 26-na təsadüf etsə də, qısa müddətdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin süqutu nəticəsində bu proses dayandı. Dövlət müstəqilliyinin bərpasından sonra ordumuzun formalaşması və inkişafı 1993-cü ildən etibarən sürətləndi.
Müstəqilliyimizin ilk illərində parçalanaraq ayrı-ayrı şəxslərin, antimilli qüvvələrin nəzarətində olan Azərbaycan Ordusu dövlətin təhlükəsizliyini, ölkənin ərazi bütövlüyünü qorumaq əvəzinə, daha çox şəxsi maraqlara xidmət edirdi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə həyatın bütün sahələrində, o cümlədən ordu quruculuğunda mühüm addımlar atıldı, əhəmiyyətli tədbirlər həyata keçirildi. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlar bu sahədə böyük inkişafa kömək etdi. Silahlı Qüvvələrin döyüş ruhunun yüksəldilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, maddi-texniki təminatının yaxşılaşdırılması, əlbəttə, həyata keçirilən uğurlu siyasət nəticəsində mümkün oldu. Müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm uğurlarından biri olan ordunun yaranması barədə qanun 1991-ci ilin sonunda qəbul edilsə də, nizami ordu quruculuğuna 1993-cü ilin ortalarından başlanıldı. Azərbaycan Ordusunun qürur doğuran tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
Ümummilli Liderin siyasi uzaqgörənliyi, yorulmaz fəaliyyəti və yüksək təşkilatçılıq qabiliyyəti nəticəsində Azərbaycanda müxtəlif silahlı dəstələri, özünümüdafiə batalyonlarını özündə birləşdirən nizami ordu formalaşdırıldı. Ordu quruculuğu prosesində hərbi kadrlara ehtiyacı təmin etmək məqsədilə Ulu Öndərin tapşırığı ilə yüzlərcə hərbçinin təhsil alması üçün xarici ölkələrə göndərilməsi böyük səmərə verdi.
Nəzərə alsaq ki, ordumuzun əksər zabit heyəti Ulu Öndər Heydər Əliyev tərəfindən 1971-ci ildə yaradılmış Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yetişiblər, bu da dahi liderin xalq qarşısında nəhəng xidmətlərindən biri idi. Keçmiş ittifaq dönəmində gənclərimizin hərb sənətinin sirlərinə yiyələlənməsinə törədilən süni maneələrin aradan qaldırılması istiqamətində bu məktəbi yaratmaqla xalqımızın əvəzsiz övladı Heydər Əliyev həm də bu sahəyə məqsədli şəkildə maraq yaratdı. Əlbəttə bu, gələcək müstəqil Azərbaycan üçün son dərəcə əhəmiyyətli idi.
Bundan başqa, 1999-cu ildə Ulu Öndər tərəfindən Hərbi Akademiyanın yaradılması hərbi təhsil sisteminin daha da təkmilləşdirilməsinə təkan verdi. Həmin illərdə qarşıda milli ruha malik, dövlətə, xalqına bağlı Azərbaycan hərbçisinin formalaşdırılması olduqca vacib məsələlərdən biri idi ki, bu işlər böyük uğurla həyata keçirilməyə başlandı. Ordumuzun qarşısında duran əsas vəzifə ərazi bütövlüyümüzün bərpası, dövlətin suverenliyinin təmin olunması idi.
Ümummilli Liderin ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildi. Miqyas və mahiyyət etibarilə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Ordusu həyata keçirilən kompleks tədbirlər nəticəsində dünyanın ən güclü orduları sırasında qərarlaşdı. Dövlət büdcəsindən ən böyük maliyyə vəsaiti ordu quruculuğuna ayrıldı. Bu, Silahlı Qüvvələrimizin təkmilləşməsinə, müasir silahlarla və hərbi texnika ilə təchiz olunmasına əlverişli şərait yaratdı. Eləcə də, hərbi əməkdaşlıq sahəsində yüksək səviyyəli beynəlxalq əlaqələr qurularaq inkişaf etdirildi, ölkənin müdafiə sənayesinin tərəqqisinə nail olundu.
Sonrakı proseslərdə baş verən hadisələr sübut etdi ki, ordusu güclü olan dövlət böyük qüdrətə malikdir.
Emin Bağırov sonda qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin çətinliklərlə qurduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir standartlara uyğunlaşdırılan Silahlı Qüvvələrimiz bu gün təkcə region üçün deyil, dünya üçün örnəkdir, məğlubedilməz, qalib statusundadır. 44 günlük Vətən müharibəsində savaş meydanında qəhrəmanlıq nümunəsi göstərən ordumuz təkcə döyüş qabiliyyətini deyil, eləcə də ənənəvi olaraq mülki şəxslərə toxunmayaraq ləyaqətini dünyaya göstərdi. Əks həmlə ilə düşmən ordusunu darmadağın edərək tarixi torpaqlarımızı bizə qaytaran, Şuşanı süngü, əlbəyaxa döyüşlə işğaldan azad edən şərəfli Azərbaycan Ordusu peşəkarlığını, qəhrəmanlığını, əzmini ortaya qoydu.
Biz müzəffər Ordumuzla fəxr edirik. Yaralanmış əsgər yoldaşını çiyninə götürüb, amma buna rəğmən əlindəki silahla düşmənin irəliləməsinə imkan verməyən Azərbaycan Ordusu qəhrəmanlıq simvoludur.
Ali Baş Komandanın qeyd etdiyi kimi biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq və bu Zəfər şərəfli tariximizdə əbədi qalacaqdır.