YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri  

1991-1993-cü illərdə   yaranan fəlakətlər, Ermənistanın   hərbi təcavüzü, daxili və xarici qüvvələr tərəfindən təşkil olunan təxribatlar, iqtisadi tənəzzül torpaqlarımızın itkisi ilə nəticələndi. Nizami ordunun olmaması Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoydu. 1992-ci ildə Xalq Cəbhəsi-Müsavat cütlüyünün hakimiyyəti zorla ələ alması çıxılmaz vəziyyəti daha da ağırlaşdırdı. Azərbaycanın müstəqil ölkə kimi yaşaması şübhə altında idi. “Demək olar ki, müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Belə bir ağır vəziyyətdə Azərbaycan xalqı həmişə olduğu kimi müdriklik göstərdi, Ulu Öndər Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi. Ancaq bundan sonra, Ülu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi və Azərbaycan bu ağır vəziyyətdən çıxa bildi” söyləyən cənab İlham Əliyev Silahlı Qüvvələrimizin bugünkü qüdrətini o ağır illərdə xalqa xilas yolunu göstərən Ümummilli Liderin ordu quruculuğu istiqamətində apardı siyasətin məntiqi nəticəsi kimi dəyərləndirir. Azərbaycan xalqının səsinə səs verən Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni ağır vəziyyətdən çıxarmaqla həyatı əhəmiyyətli islahatların aparılmasını da şərtləndirdi. Ümummilli Lider  Bakıya gələn zaman ölkədəki vəziyyət məlumdur. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı.  AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Yalnız hakimiyyəti saxlamağı düşünərək səriştəsiz insanlar ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur. Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin  Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi.

Azərbaycanın hər sahədə qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin hakimiyyətə qayıdışı dövründə Azərbaycan Ordusunun vəziyyətini təsəvvür etmək belə mümkün deyildi. Ayrı-ayrı qrup rəhbərlərinin, siyasi partiya sədrlərinin şəxsi maraqlarına xidmət edən könüllü dəstələr haqqında ordu ifadəsini işlətmək mümkün deyildi. Ona görə də Ulu Öndər tərəfindən qəbul edilmiş inkişaf strategiyasında nizami ordunun yaradılması xüsusi yer tutur. “Sülh danışıqlarını cəsarətlə apara bimək üçün güclü orduya malik olmaq lazımdır” söyləyən, çoxillik zəngin dövlətçilik təcrübəsinə malik Ulu Öndər hakimiyyətə qayıdışı ilə ilk apardığı islahatların ordu quruculuğu ilə bağlı olması təsadüfi deyildi. Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacib idi. Ümummilli Liderin ordu quruculuğu sahəsində gördüyü işlər qısa müddətdə uğurlu nəticəsini verdi. Qarabağ münaqişəsinin istənilən yolla həllindən bəhs edərkən təbii ki, problemin nizamlanmasında möhkəm hüquqi bazanın mövcudluğu ilə yanaşı, ordumuzun gücünə də əminlik ifadə olunurdu. Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer aldı.

44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Bu şanlı Qələbə ölkəmizin malik olduğu imkanların dünyaya təqdimatı oldu. Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də ölkə  Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. 2021-ci il 24 dekabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə hərbi hissənin açılışında demişdir: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.”

İyunun 23-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim etməsi bu istiqamətdə atılan addımların davamlılığından xəbər verir. Həmin mərasimdəki çıxışında Silahlı Qüvvələr Günü  ərəfəsində ölkəmizdə növbəti komando hərbi hissəsinin açıldığını önə çəkən cənab İlham Əliyev bildirdi ki, bu, çox əlamətdar hadisədir. Vətən müharibəsindən sonra göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq.

DİGƏR Xəbərlər Arxiv