YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın siyasi nüfuzunun növbəti təsdiqi

“Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən reallıqdır. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak etməsi ölkəmizin yüksək nüfuzunun növbəti təsdiqi oldu.” Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşən Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Dünya üçün əhəmiyyətli olan ortaq layihə - Zəngəzur dəhlizi region ölkələrinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar vəd edir. Müasir nəqliyyat-tranzit infrastrukturuna malik Azərbaycanın ərazisindən on beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdirilərək, yükdaşımaların həcminin 25 milyon tona çatdırılması nəzərdə tutulur.

Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük.

“Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq”- deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorunun ixracını artırmaqdan ötrü biz hələ fəal işləməliyik.

Azərbaycan dövləti hər zaman sülh tərəfdarı kimi çıxış edir. 44 günlük Vətən müharibəsindən qalib şıxan dövlətimizin mövqeyi regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi olub. Ali Avrasiya İqtisadi Şurasının iclasındakı müzakirələrdə ölkə başçımız İlham Əliyevin növbəti dəfə Ermənistanın baş naziri Nikol Paşinyana diplomatiya dərsi keçib: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır”.

Azərbaycan-Ermənistan münasibətlərin gərginləşməsi, sülhün əldə olunmaması Avrasiya İqtisadi Şurasının gələcək fəaliyyətinə də uyğun deyil. Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Ermənistanın baş nazirinin tez-tez çaşması dünya ictimaiyyətinin gözlərindən yayınmırdı. Paşinyan “replika”sında “dəhliz” sözü ilə bağlı çaşqınlıq yaşadığını aşkar şəkildə ortaya qoydu. Öz siyasi diletantlığı ilə tez-tez gündəm olan Ermənistan liderinin “dəhliz” termini ətrafında uzun müddətdir davam edən spekulyasiyalarına birdəfəlik cavab verildi.

Azərbaycan Prezidenti İlham Əliyevin sərrast cavabları qarşısında çaşqın vəziyyətdə qalan Paşinyan siyasi müstəvidə növbəti uğursuzluğunu yaşadı. Azərbaycan Prezidenti Moskvada Paşinyana siyasət dərsi keçdi, beynəlxalq hüququ izah etdi.

Beləliklə, Ermənistanın baş naziri diplomatik müstəvidə növbəti dəfə fiaskoya uğradılması ilə yadda qaldı. Moskvada keçirilən son görüşdə Azərbaycan iddialarını tam şəkildə təmin etmiş tərəf oldu.