Xəbərlər
Azərbaycan multikultural dəyərlərin, tolerantlığın məbədgahına çevrilib
Həyatının böyük hissəsini Azərbaycanın inkişafına həsr edən xalqımızın əvəzolunmaz övladı Heydər Əliyev yenidən hakimiyyətə gəlməklə istiqbalımızın ilk illərində itirilmək təhlükəsində olan müstəqilliyimizi qorumaqla yanaşı, ölkəmizi sivil dünyanın bir hissəsi kimi multikultural dəyərlərin ünvanına çevirə bildi. Məhz Ulu Öndərin fövqəladə xidmətlərinin davamı kimi, Azərbaycan müxtəlif millətlərə, dinlərə, məzhəblərə qucaq açdı. Mədəni müxtəlifliklərinin qorunması, inkişafı, azsaylı xalqların milli mədəniyyətinə inteqrasiyası ümummilli lider Heydər Əliyevin müstəsna xidməti kimi məmnunluqla qarşılandı. Bütövlükdə bu siyasət ölkəmiz, eləcə də, region üçün əhəmiyyətli dərəcədə faydalı oldu.
Qarşılıqlı anlaşma, zənginləşmə, dostluq və əməkdaşlıq kimi unikal dəyərlər ulu öndərin konseptual yanaşması, uzaqgörənliyi ilə Vətənimiz Azərbaycanı multikultural dəyərlərin, tolerantlığın məbədgahına çevirə bildi.
Bu fikirləri Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, siyasi şərhçi Emin Bağırov bildirib.
O qeyd edib ki, ölkəmizdə multikulturalizm, tolerantlıq, dini dözümlük kimi unikal dəyərlərin dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi, sayğı ilə yanaşılması Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyət dövlətin gücünü şərtləndirən amillər sırasında ölkədəki ayrı-ayrı xalqların sıx bağlılığı, vəhdəti məsələsini yüksək qiymətləndirir, bu məqamı tolerantlıq və multikulturalizmin formalaşmasında əsas prinsiplərdən biri kimi dəyərləndirirdi. Ümummilli Liderin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”–məntiqi də məhz həmin fikrin bariz təsdiqi idi. Eyni zamanda, belə bir şəraitin Azərbaycan üçün də xarakterik olduğunu, respublikamızda dilinə, irqinə baxmayaraq, bütün vətəndaşların hüquqlarının müvafiq qanunlar əsasında qorunduğunu, qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən insanlara həssaslıqla yanaşıldığını söyləyərək, “Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”,–deyirdi.
“Dahi şəxsiyyət Azərbaycanda multikulturalizmin tarixi ənənələrini yaşatmaq və inkişaf etdirməklə cəmiyyətdə sağlam mühiti formalaşdlrmaqla, bütün xalqlara, dinlərə eyni gözlə, eyni münasibətlə yanaşmaqla dinlər, xalqlar arasında sabitliyi, dostluğu möhkəmləndirməyə nail oldu.
Beləliklə, Ümummilli Lider tolerantlıq və dözümlülük prinsiplərinə sadiq qalmaqla respublikamızı dünyada bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını uğurla gerçəkləşdirən unikal məkan kimi tanıtdı, Azərbaycanın dövlət-din münasibətləri modeli çərçivəsində inkişafı təcrübəsini beynəlxalq aləmə yaydı.
Onu da vurğulayım ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının əsasında da multikultural dəyərlər üstünlük təşkil edib. Bax, elə buna görə də respublikamızın milli həyatında ahəngdarlıq, konfessiyaların dinc yanaşı yaşaması daim diqqətdə saxlanılıb, çoxəsrlik ənənəyə əsaslanaraq bütün etnosların qarşılıqlı əlaqəsi Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığına yönəlib və bu sahədə tarixi uğurlar əldə edilib. Bu məqam İkinci Qarabağ müharibəsində də özünü qabarıq büruzə verdi. Erməni faşizminə qarşı mübarizə ölkəmizdə yaşayan bütün xalqlar Prezident İlham Əliyevin liderliyi və komandanlığı altında Vətənə sədaqətlərini nümayiş etdirməklə birliyimizin təntənəsi olan
“Dəmir Yumruq” -la tarixi torpaqlarımızı işğaldan azad etdik”, -deyə E.Bağırov söyləyib.
E.Bağırov əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizm ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi fəaliyyət hazırda Prezident İlham Əliyev tərəfindən böyük inamla gerçəkləşdirilir, multikultural dəyərlər dövlət siyasəti çərçivəsində uğurla inkişaf etdirilir.
Dövlətimizin başçısı respublikamızın ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, müxtəlif dinlərə məxsus insanların dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görür və buna xüsusi önəm verir.
Bu il görkəmli siyasi və dövlət xadimi, xalqımızın şəriksiz lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Məlum olduğu kimi Prezident İlham Əliyevin müvafiq sərəncamına görə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunub. Düşünürəm ki, unudulmaz liderin Vətən qarşısında müstəsna xidmətlərinin gənc nəslə aşılamasında, zəngin siyasi irsinin öyrənilməsi və öyrədilməsi baxımından üzərimizə böyük məsuliyyət düşür. Çünki Heydər Əliyev vətəndaş, rəhbər, lider olaraq hər birimizin üzərində haqqı var. Onu sevmək, qədirbilənliklə anmaq hər birimizin müqəddəs borcu, amalı olmalıdır.