Xəbərlər
Qarabağ Azərbaycanın suveren ərazisidir
“Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir. Artıq bütün dünya da qəbul edib ki, Qarabağ Azərbaycanın suveren ərazisidir. Buna görə də bu məsələdə hər hansı kənar təsir artıq Azərbaycanın daxili işinə qarışmaq istəyidir və kobud müdaxilədir. Bu baxımdan belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir”.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
V.İskəndərovun sözlərinə görə, diplomatik korpusun nümayəndələrinin təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər: "Yəni bu faktın özü onu deməyə əsas verir ki, Azərbaycanın ərazi bütövlüyü ümüumiyyətlə heç müzakirə obyekti də ola bilməz. Görünür Ermənistan hakimiyyətinin daxilində hələ də revanşist qüvvələr mövcuddur. Yəni onlar təkcə müxalifətdə deyil. Təhlillər göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyətinin özü dayanır. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda gedib. Bu da əlbəttə təəssüf doğurur. Baş verənlər rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimiliyini nümayiş etdirir. Faktiki Ermənistan müharibədə məğlub olduğu üçün sülhə məcbur edilib. 2023-cü ildən sonra Paşinyan hakimiyyətinin sadəcə olaraq sülhə getməkdən başqa yolu qalmamışdır. Ermənistan hakimiyyətinin dirijorluğu ilə son açıqlamalar və paylaşımlar kampaniya xarakteri daşıyır və Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir. Əlbəttə Azərbaycanın dəmir yumruğu həmişə öz yerindədir. Ali Baş Komandanın iradəsi, xalqımızın gücü heç vaxt hansısa dövlətin başqa fikrə düşməsinə imkan verməz. Bu cür revanşist addımların isə sonunda yenə də zərər çəkən tərəf Ermənistan olacaq”.
