Xəbərlər
Azad edilmiş ərazilərdə müasir şəhərsalma nümunəsi təqdim edilir
Anar Məmmədov
Milli Məclisin deputatı
20 Sentyabr – Azərbaycan xalqının müasir dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış şərəf, qürur və Zəfər səhifəsidir. Dövlət başçımız, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü sadəcə təqvimdəki əlamətdar bir tarix deyil. Bu gün milli ləyaqətimizin, sarsılmaz iradəmizin, möhkəm xalq-iqtidar birliyinin və tarixi ədalətin tam bərqərar olmasının təntənəsidir.
2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin məntiqi və tarixi davamı olaraq, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun keçirdiyi cəmi 24 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz öz suverenliyini bütün ərazisində tam bərpa etdi. Cəmi bir sutka ərzində 406 kvadratkilometrlik ərazi separatçı ünsürlərdən təmizləndi, yüzillik münaqişəyə birdəfəlik nöqtə qoyuldu. Otuz ildən artıq davam edən separatizm yuvası darmadağın edildi, qanunsuz hərbi birləşmələr tərk-silah edilərək ərazilərimizdən çıxarıldı və ölkəmizin hər bir guşəsində Konstitusiya quruluşumuz təmin olundu.
2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində ucaltdığı üçrəngli dövlət bayrağımız bu gün həmin torpaqlarda əbədi dalğalanır. Dövlət başçımızın Xankəndinin mərkəzi meydanında vurğuladığı “Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq əmin idik ki, bu gün gələcək” sözləri hər bir vətəndaşımızın qəlbini sonsuz qürur hissi ilə doldurdu. Möhtərəm Prezidentimiz 20 il öncə xalq qarşısında verdiyi vədə sadiq qalaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməklə müasir tariximizin ən möhtəşəm zəfər salnaməsini yazdı.
Bu gün həmin ərazilər cənab Prezidentin birbaşa diqqəti, nəzarəti və rəhbərliyi altında genişmiqyaslı tikinti, bərpa və quruculuq meydanına çevrilib. Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər bütün dünyaya bir daha göstərir ki, Azərbaycan yalnız öz torpaqlarını işğaldan azad edən deyil, həm də onları qısa müddətdə cənnətə çevirən, abadlaşdıran qüdrətli dövlətdir. Belə ki Xankəndi şəhəri müasir standartlara cavab verən infrastrukturu, bərpa edilən mədəni-tarixi ocaqları və fəaliyyətə başlayan Qarabağ Universiteti ilə regionun təhsil, elm və gənclik mərkəzinə çevrilir. Qarabağ Universitetinin açılması bölgədə intellektual mühitin bərpasına və gənclərin doğma torpaqlara inteqrasiyasına böyük təkan verir. Xocalı şəhəri tarixi ədalətin bərpası ilə yanaşı, doğma ocaqlarına qayıdan sakinlərin işıqlı gələcəyə inamla addımladığı müasir, rahat və təhlükəsiz yaşayış məskəni kimi getdikcə dirçəlir. Xocalı faciəsinin acısını qəlbində daşıyan xalqımız bu gün həmin torpaqlarda həyatın və quruculuğun qələbəsini qeyd edir. Xocavənd və Ağdərə zəngin kənd təsərrüfatı, turizm potensialı, “yaşıl enerji” imkanları və tarixi irsi ilə Qarabağın iqtisadi drayverlərinə çevrilmək yolundadır. Müasir aqroparklar, sənaye zonaları və bərpa olunan enerji mənbələri bu şəhərlərin gələcək inkişafının möhkəm bünövrəsidir.
Əcdadlarımızın mirası olan bu müqəddəs torpaqlarda indi həyat yenidən coşur, uşaq gülüşləri eşidilir, yeni məktəblər, xəstəxanalar, strategiya əhəmiyyətli yollar, tunellər və modern yaşayış kompleksləri istifadəyə verilir. Görülən hər bir iş, salınan hər bir küçə dövlətimizin iqtisadi gücünü və xalqımızın qurub-yaratmaq əzmini nümayiş etdirir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü sadəcə bir təqvim bayramı deyil, həm də gələcək nəsillərə ötürüləcək böyük bir qürur və dəyanət dərsidir. Bu tarix xalqımızın yenilməz iradəsinin, dövlətimizin iqtisadi-hərbi gücünün və sarsılmaz birliyinin göstəricisidir.
