YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətin nəticəsi

Laçın-Xankəndi yolu üzərində Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması labüd idi. Ermənistanın apardığı siyasət, Qarabağda separatçı ünsürlərin bölgədə xaos yaratmaq istəyən dövlətlərin çirkin niyyətlərinə alət olmaqda davam etməsi, yeni müharibəni alovlandırmaq cəhdi belə bir qətiyyətli addımın atılmasını tezləşdirmiş oldu. Bu fikirləri YAP İdarə Heyətinin üzvü Asif Əsgərli deyib.

A.Əsgərli bildirib ki, Azərbaycan hərb meydanında qazandığı qələbəni addım-addım möhkəmləndirir: “2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan imzalasa da sonradan bu birgə anlaşmanın bir neçə müddəalarının yerinə yetirilməsi qonşu ölkə tərəfdən nəinki təmin edilməyib, açıq-aşkar və kobud şəkildə pozulmaqda idi. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri tərk-silah olunub, Azərbaycan ərazisindən çıxarılmalı olduğu halda həmişəki kimi Qarabağ separatçıları və Rusiya sülhməramlılarının himayəsi altında fəaliyyətlərini davam etdirirlər. Ermənistan məğlubiyyətini qəbul edib, yeni faciələrə son qoymaq əvəzinə özünün sərsəm və separatçı təxəyyülünə sadiqliyini nümayiş etdirir”.

“Vətən müharibəsindən sonra 2022-ci ilin sentyabrında Kəlbəcər, 2023-cü ilin aprelində Laçınla həmsərhəd istiqamətdə ciddi toqquşmalar qeydə alınıb. Bununla da Ermənistan sülh razılaşmalarına ağır zərbələr vurub. Bu müddətdə Qarabağa qanunsuz daşınan minaların partlaması nəticəsində 50-yə yaxın Azərbaycan hərbçisi və mülki şəxsi həlak olmuş, yüzlərlə şəxs yaralanıb, - A.Əsgərli deyib.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki. Qarabağ iqtisadi rayonu ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət ərazisində də qanunsuz erməni silahlı qüvvələrinin döyüş mövqeləri yaratmağa cəhd etməsi, hər gün qanunsuz yolla hərbi təyinatlı yüklərin daşınması Ermənistanda və Qarabağda erməni separatçılarının sülhdən uzaq olduğunu göstərirdi.

Prezident İlham Əliyev son bəyanatında Qarabağda yaşayan ermənilərin ya rəsmi Bakıya tabe olub birgə dinc yaşamalı olduğunu, ya da tarixi torpaqlarımızı tərk etmələrini qətiyyətli şəkildə ifadə edib.  Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması da həmişə sözünü zamanında deyən qətiyyətli Ali Baş Komandanımız İlham Əliyevin növbəti qələbəsidir ki, xalqımıza hədiyyə edib.