Xəbərlər
Nə üçün sanksiya tətbiq edilmir?
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Postmüharibə dövründə erməni terrorizmi və Ermənistanın müharibə cinayətləri davam edir.
Əzəli və əbədi torpağımız olan, 44 günlük Vətən müharibəsində qəhrəmancasına işğaldan azad etdiyimiz Şuşa rayonu ətrafında mina basdırılması nəticəsində Azərbaycan Ordusunun üç hərbi qulluqçusunun xəsarət alması növbəti təxribat və hərbi cinayətdir.
Açıq-aydın görünür ki, postkonflikt dövründə Ermənistan faktiki və konkret olaraq sülh prosesini hədəf seçib, başqa sözlə, təxribatların hədəfi sülh gündəliyidir.
Daha bir vacib məqama diqqət yetirmək zəruridir. Hadisə baş vermiş əraziyə keçirilmiş baxış zamanı basdırılmış minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyən olunub. Deməli, həmin minalar 44 günlük müharibədən sonra qanunsuz erməni hərbi birləşmələri - separatçı ünsürlər tərəfindən basdırılıb. Bu isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinin qeyd-şərtsiz yerinə yetirilməsinin zəruriliyini ifadə edir.
Təəssüflər olsun ki, Ermənistan regional təhlükəsizliyə real təhdid olan provokativ əməllərini beynəlxalq ictimaiyyətin gözü qarşısında davam etdirir. Lakin revanş istəyi ilə alışıb yanan, hərbi cinayətlərini, sabotaj və təxribatlarını davam etdirən bu mürtəce dövlətə qarşı heç bir sanksiya tətbiq edilmir.