Xəbərlər
Azərbaycanın iqtisadi və siyasi nüfuzunun təqdimatı
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi tanınması və nüfuz qazanması özündə bütün məqamları ehtiva edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu öz işini martın 11-də başa çatdırsa da müzakirə edilən məsələlər, səsləndirilən çağırışlar, ümidlər ölkə və dünya mətbuatında geniş şərh olunur, Azərbaycanın artan nüfuzu təqdir edilir.
61 ölkədən 360-dək təmsilçinin iştirakı ilə keçirilən Forumdakı çıxışında dövlət başçısı İlham Əliyev bu reallığa diqqəti yönəltdi ki, bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.
Münaqişələrin həllinə gəldikdə isə Forum çərçivəsində bu mövzu ətrafında geniş müzakirələr aparıldı. Azərbaycanın sülh quruculuğu prosesində təcrübəsindən bəhs edən cənab İlham Əliyev bildirdi ki, ölkəmiz münaqişənin sülh yolu ilə həllinə səy göstərdi. Lakin mümkün olmadı. Ermənistan BMT qətnamələrinin icrasına məhəl qoymadı, konstruktiv yanaşma göstərmədi.
İki ildən artıqdır ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan 44 gündə 30 ilin işğalına son qoymaqla gücünü, bütün imkanlarını nümayiş etdirdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu torpaqlarımız erməni vəhşiliklərinin təqdimatında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında da bu kimi məqamlara diqqəti yönəldərək bildirdi ki, təxminən iki il yarım vaxt ötür və biz 10 min kvadratmetrlərlə ölçülən, tamamilə dağıdılmış böyük ərazini yenidən tikirik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Şuşaya səfər ediblər və orada panel müzakirələr aparıblar. Onlar Füzulidə və Şuşada dağıntıları görüblər və bu, həqiqətən də barbarlıq, urbisid, kultursid, ekosid əlamətidir: “Bunu edən bizim qonşularımız olub. Azərbaycan xalqının qisas almaq üçün mənəvi hüququ var və mən bunu anlayıram. Lakin mənim mesajım döyüş meydanında qisası almaqla həyata keçdi.”
Dövlət başçısı münaqişələrin yaranmasından, onun həlli yollarından, eyni zamanda, bütün dövrlər üçün aktual olan enerji təhlükəsizliyi məsələsindən geniş bəhs etdi. “Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir” söyləyən cənab İlham Əliyev bildirdi ki, IX Qlobal Bakı Forumundan indiyədək Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Azərbaycan yaşıl hidrogeni ixrac etməyi planlaşdırır. Beynəlxalq Maliyyə Korporasiyası Xəzər dənizində külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar. Bu, dünya enerjisinin və Azərbaycanın gələcəyidir.
Ümumilikdə X Qlobal Bakı Forumu Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu nümayiş etdirdi. Uğurlarımız möhkəm təmələ, düşünülmüş siyasətə, eyni zamanda, hər dövrün çağırışlarının düzgün dəyərləndirilərək reallıqda əksini tapmasına əsaslanır.