Xəbərlər
YAP Nəsimi rayon təşkilatının növbəti ərazi partiya təşkilatı təsis edilib
“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı “Bülbül prospekti 89” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.
Bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası ovaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır.
Sonra çıxış edən partiya üzvü, “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin direktoru Elza Orucova qeyd edib ki, Yeni Azərbaycan Partiyasının xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Eyni zamanda, ölkə daxilində mövqelər çox möhkəmdir. Partiya demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Elza Orucova “Bülbül prospekti 89” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Gülbəniz Şahbazova isə sədr müavini seçilib.