Xəbərlər
İmişlidə “Heydər Əliyev İli”nə həsr olunan tədbirlər davam edir
Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı “Hidroqovşaq” ərazi partiya təşkilatında “Heydər Əliyev İli”nə həsr olunan “Heydər Əliyev ideyalarının Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında misilsiz rolu” adlı tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Vətən müharibəsi şəhidlərinin və Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətdir. “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış ulu öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.
“Hidroqovşaq” ərazi partiya təşkilatının sədri Cəlil Əliyev qeyd edib ki, müasir meliorasiya və irriqasiyanın əsas inkişafı ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməyi ilə bu sahədə böyük quruculuq işləri aparılıb, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılıb.
Digər çıxış edənlər vurğulayıblar ki, Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan xilaskarlıq, sabitlik və inkişaf missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qafqazda lider ölkə olaraq qalır.