Xəbərlər
Mütəşəkkil dəstək
Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Türkiyədə baş verən dəhşətli zəlzələnin ilk saatlarından dövlətimiz və xalqımız qardaş ölkənin yanında olduğunu sübut etdi. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək qardaş ölkənin yanında olduğunu bildirdi və Türkiyənin Bakıdakı səfirliyinə gələrək dövlətimiz tərəfindən lazımi tədbirlərin həyata keçiriləcəyini bəyan etdi. Prezident İlham Əliyev Türkiyə səfirliyində olarkən qeyd etdi ki, hər zaman olduğu kimi bu çətin günlərdə də Azərbaycan qardaş Türkiyənin yanındadır və dövlətimiz, həmçinin xalqımız tərəfindən ediləcək yardımlar mərkəzləşdirilmiş qaydada həyata keçiriləcəkdir. Türkiyəyə ilk xilasedici dəstələr və yardım göndərən də məhz ölkəmiz oldu. Dəhşətli zəlzələdən sonra Azərbaycan həmçinin qardaş Türkiyəyə davamlı yardım göstərən ölkədir.
Qardaş ölkəyə yardımların göstərilməsində Heydər Əliyev Fondunun xidmətləri xüsusilə vurğulanmalıdır. Fondun Prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən təbii fəlakət zonasına davamlı olaraq humanitar yardımlar göndərilir. Həmçinin xalqımız, eləcə də müxtəlif şirkətlər tərəfindən yardım aksiyalarının mərkəzləşdirilmiş formada həyata keçirilməsinə Heydər Əliyev Fondu tərəfindən sistemli dəstək verilir. Toplanan humanitar yardımın çeşidlənməsi, qablaşdırılması və nəqliyyat vasitələrinə yüklənməsi kimi işlərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə fəaliyyət göstərən Regional İctimai Birliyin könüllüləri öz fəallıqları ilə seçilirlər.
Qardaş ölkədə baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılması işinə dəstəyin verilməsi, humanitar yardımların davamlı olaraq həyata keçirilməsi ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi nəzarətindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında da ölkələrimizin və xalqlarımızın dost-qardaş olduqlarını vurğulayaraq bu münasibətlərin sarsılmazlığına diqqət çəkib. Mehriban xanım Əliyeva paylaşımında qeyd edib ki, birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Xalqımız qardaş ölkədə baş verən faciəyə böyük acı ilə yanaşdı və təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün öz mütəşəkkil dəstəyini göstərdi.
Hazırda təbii fəlakət zonasında ölkəmizdən olan xilasedicilər, tibb işçiləri, diplomatlar, media nümayəndələri fəaliyyət göstərirlər. Xalqımız, yerli şirkət və təşkilatlar, könüllülər isə yardım aksiyaları üçün səfərbər olublar. Mehriban xanım Əliyeva öz paylaşımında hər bir şəxsin fəaliyyətinə yüksək qiymət verərək Azərbaycan xalqına milli birlik və həmrəylik nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib.