Xəbərlər
Fədakarlıq nümunəsi
Tural Qasımlı
YAP Şamaxı rayon təşkilatının sədri
Bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşən Türkiyə dünyanın ən aktiv zəlzələ zonalarından biridir. Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Ekspertlərin fikrincə, bölgənin ən böyük - Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır. Bu isə zəlzələ və təkanların tez-tez baş verməsinə gətirib çıxarır. Türkiyənin Fəlakət və Fövqəladə Hallar Agentliyi 2022-ci ildə 22 mindən çox təkan qeydə alıb. Onlardan çoxu öldürücü həddə olur. Ən çox insan tələfatı ilə nəticələnən sonuncu ağır zəlzələ 1999-cu ildə İzmitdə 7.6 bal gücündə olmuşdu. Həmin təbii fəlakət nəticəsində 17 mindən çox insan həlak olmuşdur.
Türkiyə fevralın 6-da yenidən təbii fəlakətlə sarsıldı. Qardaş ölkədə baş verən zəlzələ böyük dağıntılara, minlərlə insan təlafatına səbəb oldu. Bu, son yüz ildə regionda və Türkiyədə baş verən ən güclü zəlzələdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirdi ki, biz təkcə cümhuriyyət tariximizin deyil, coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə üz-üzəyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təbii fəlakətin baş verdiyi həmin gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etdi. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini dedi. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət təyyarə qardaş ölkəyə yola düşdü.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salındı.
Zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.
Bununla əlaqədar faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdırıacaq xüsusi təyyarə Türkiyəyə yola düşüb.
Türkiyədə yardıma ehtiyacı olan əhaliyə kömək məqsədi ilə ölkəmizdə kütləvi kampaniyaya start verildi.
Yardım kampaniyasında sözün əsl mənasında izdiham yaşanır. Yüzlərlə insan aksiyanın keçirildiyi yerə axın edərək, qardaş türk xalqına yardımlarını çatdırır. Zəlzələdən zərər çəkən insanlar üçün geyimlər, qızdırıcı vasitələr və qidalar toplanaraq Türkiyəyə yola salınır.
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Qəhrəmanmaraş şəhərində bu gün 11 nəfəri sağ çıxarıb, daha 20-yə yaxın meyit dağıntılar altından çıxarılıb- Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Bu işdə azərbaycanlı mütəxəssislər də türkiyəli həmkarları ilə birlikdə əsl fədakarlıq göstərirlər. Azərbaycandan toplanmış ianə və yardımlar lazımi ünvana çatdırılır.
Türkiyəyə qardaş köməyi davam edir. Biz səninləyik, Türkiyə!