Xəbərlər
Həmrəyliyimizin təntənəsi
“Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” olaraq həm sevincli, həm də kədərli günlərdə bir birinin yanındadır. İki qardaş xalq və dövlət olaraq hər zaman bir yerdəyik. Bir neçə gün öncə Türkiyənin cənub bölgəsində baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın qardaş dəstəyi də bu reallığı təsdiqləyir.” Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O bildirib ki, zəlzələ ilə bağlı Türkiyəyə ilk və ən böyük dəstək göstərən ölkə məhz Azərbaycandır. Prezident İlham Əliyev zəlzələnin baş verdiyi gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını diləyib.
Sevinc Fətəliyeva qeyd edib ki, fevralın 8-də Azərbaycan Prezidenti Türkiyənin ölkəmizdəki səfirliyində olub, qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı Azərbaycanın hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında olduğunu vurğulayıb: “Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”. Azərbaycanın sona qədər öz dəstəyini göstərəcəyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizdən davamlı olaraq zəlzələ zonasına həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək.
Deputatın sözlərinə görə, dövlətimizin başçısının tapşırığına uyğun olaraq 1000 nəfərə yaxın xilasedici heyət qardaş Türkiyəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayıblar. İnsanların həyatının qurtarılmasında Azərbaycan xilasedicilərinin də əməyinin olmasından qürur duyuruq. Prezident İlham Əliyev zəlzələdən xəsarət alan vətəndaşların Azərbaycanda müalicəsi üçün bütün imkanların olduğunu da bəyan edib. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə böyük dəstək göstərilir.
“Bütün aidiyyəti strukturlarımız səfərbər olub. Qardaş ölkəyə yardımlarda sadə vətəndaşlarımızın da fəal iştirakı qürurvericidir. Biz birik, hər zaman da bir olacağıq. İlk gündən “Qardaş Türkiyə, yanındayıq” çağırışı birliyimizin, həmrəyliyimizin təntənəsi oldu. Bu gün Azərbaycan xalqının könüllü olaraq qardaş ölkəyə yardımlar göstərməsi fonunda bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət başçıları arasında deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.
“Zəlzələ nəticəsində xəsarət alanlara yardım üçün Azərbaycandan tibbi personal və tibbi ləvazimatlar, zəruri ehtiyac olan avadanlıqlar, əşyalar da qardaş ölkəyə göndərilib. Burada Azərbaycan vətəndaşlarının Türkiyədə zəlzələdən zərərçəkənlərə könüllü yardım göstərmələri də xüsusi vurğulanmalıdır. Bir neçə gündür ki, nəinki paytaxt Bakıda, respublikamızın müxtəlif bölgələrində də vətəndaşlarımız türk qardaş və bacılarımıza dəstək olmaq üçün bütün imkanlarını səfərbər edib. Sadə vətəndaşlarımızın fədakarlığı hər kəsi duyğulandırmaqla yanaşı, qürur hissi yaradır. Bütün bunlar bir daha təsdiqləyir ki, sadə insanlar səviyyəsində də əsl qardaşlıq, mənəvi amillər bizi bir birimizə bağlayır. İnanırıq ki, qardaş Türkiyə dövləti və xalqı bu çətin sınaqdan da şərəflə çıxacaq”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.