YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zülmə məruz qalanlar üçün pənah yeri

“Türkiyə–Azərbaycan qardaşlıq münasibətləri tarixin müxtəlif mərhələlərində özünü parlaq büruzə verib. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin, ağrılı-acılı vaxtlarda daim bir-birinin yanında olub, birgə birlik nümayiş etdirib, sevinclərini, kədərlərini birgə bölüşüb. Vətən müharibəsindən əvvəl, sonra da bu, qabarıq nəzərə çarpıb.” Bu fikirləri Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov bildirib.

O qeyd edib ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı xalqımızın göstərdiyi dəstəyin fonunda da bu qardaşlıq münasibətləri açıq nəzərə çarpır. Fevralın 6-da dövlətimizin başçısı İlham Əliyevin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda yaralananlara şəfa diləyib, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb. Dövlətimizin başçısı daha sonra Türkiyənin ölkəmizdəki səfirliyinə gedərək, burada qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində etdiyi paylaşımda Türkiyədə yaşanan dəhşətli hadisənin ağır nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirərək, faciə qurbanlarına Allahdan rəhmət diləyib, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.

Azərbaycan hər zaman olduğu kimi, zəlzələnin ilk saatlarından qardaş Türkiyənin yanında olduğunu əməli fəaliyyəti ilə təsdiqləyib, öz dəstəyini, öz həmrəyliyini nümayiş etdirib. Bu acı faciənin fəsadlarının tezliklə aradan qaldırılmasını özünün şərəf işi, qardaşlıq borcu adlandırıb. Azərbaycan dövləti, Heydər Əliyev Fondu fasiləsiz olaraq qardaş ölkəyə yardımlar göndərir. Xilasedicilərimiz dağıntılar altında fədakarcasına çalışır. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər Türkiyəyə göndərilir.

Xalqımız bu gün də könüllü olaraq qardaşlarımıza dəstəyini davam etdirir, zəlzələnin acı nəticələrinin aradan qaldırılması üçün bütün imkanlardan yararlanaraq, yorulmaz kömək göstərir.

Vətəndaşlarımız humanitar aksiya altında yardım marafonuna fəal şəkildə qoşulub. Bütün bölgələrimizdən yardım karvanı Türkiyəyə yola salınıb. Bununla bütün dünyaya təkcə dövlətlərarası səviyyədə deyil, həm də xalqlararası münasibətlərdə əsl qardaşlıq əlaqələrinin mövcudluğunu bir daha nümayiş etdirir.

“Zəlzələ hamımızı üzsə də bir həqiqəti ortaya qoydu ki, Türkiyə-Azərbaycan münasibətləri bütün sınaqlar və bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir. İki qardaş dövlətin çiyin-çiyinə haqq yolunda yürüməsi yalnız siyasi güc mərkəzinin yaranması kimi yox, həm də ədalətsiz dünyada zülmə məruz qalan xalqlar üçün pənah yerinə çevrilib. Bu ağır günlərdə Türk İslam dünyasının tək maddi yardımı ilə deyil, həm də duası ilə Türkiyənin yanında olması bunun təsdiqidir”, - Emin Bağırov qeyd edib.