Xəbərlər
Azərbaycan səfərbərdir!
Tofiq Cahangirov
YAP İdarə Heyətinin üzvü, professor
İllərin sınağından çıxan Azərbaycan-Türkiyə qardaşlığı, "bir millət, iki dövlət" ideyasının sarsılmazlığı bu çətin günlərdə bir daha təsdiqini tapdı. Fevralın 6-da qardaş ölkədə baş verən dəhşətli zəlzələ, çoxsaylı insan tələfatı Azərbaycanda da hər birimizi sonsuz kədərə qərq etdi.
Dağıdıcı təbii fəlakətin baş verdiyi ilk saatlardan həm ölkə rəhbərliyi, həm də xalqımız qardaş Türkiyə dövləti və xalqının böyük kədərinə şərik çıxdı, onun yanında oldu.
Zəlzələnin baş verdiyi gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələ zamanı həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı verdi, yaralananların tezliklə şəfa tapmasını dilədi. Dövlətimizin başçısı telefon danışığı zamanı bir daha qeyd etdi ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadırlar. Prezident İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə də baş çəkərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi və orada çıxış etdi. Cənab Prezident səfirlikdəki çıxışı zamanı bildirdi ki, Azərbaycan sona qədər öz dəstəyini göstərəcək. Azərbaycandan Türkiyəyə davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.
Eyni zamanda fevralın 6-da FHN-in 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə göndərildi və dərhal xilasetmə işlərinə başladı. Çox keçmədən iki təyyarə ilə FHN-in tibbi avadanlıq və ləvazimatlarla təchiz olunan mobil səhra hospitalı qardaş ölkəyə yola salındı və Kahramanmaraş şəhərində quruldu. Hazırda həmin hospitallara ən ağır yaralı və xəstələr FHN-in peşəkar tibbi heyəti tərəfindən müayinə və müalicə olunurlar. Ümumilikdə indiyədək Azərbaycandan Türkiyəyə 7 təyyarə və bir neçə avtomobil karvanı göndərilib. Yardımlar bu gün də davam etdirilir.
Prezident İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı da artıq bir neçə gündür Kahramanmaraşda fəaliyyətə başlayıb. Həmçinin cənab Prezidentin tapşırığına əsasən, Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar fevralın 8-də Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb.
Türk qardaşlarımıza yardım kampaniyasında xüsusi rol oynayan qurumlardan biri də əlbəttə ki, Heydər Əliyev Fondudur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Fond tərəfindən qardaş ölkəyə dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək, digər tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərilib. Həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Bakı şəhərində yardım kampanyasına başlayıb. Yalnız paytaxt Bakıda deyil, respublikamızın bütün regionlarında - Gəncədə, Qazaxda, Mingəçevirdə, Lənkəranda,Saatlıda, Sabirabadda, Naxçıvanda, Qubada, Zaqatalada və digər rayonlarımızda insanlar Türkiyəyə dəstək aksiyaları keçirir, yardımlar toplayır və yola salırlar. Zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə təkcə Naxçıvandan ilkin olaraq 12 TIR, Gəncədən 7 yük maşını ilə 150 tonluq yardım yola salınıb.
Bü gün kiçikdən böyüyədək bütün Azərbaycan xalqı Türkiyədə zəlzələdən zərər çəkən qardaş-bacılarımıza kömək üçün səfərbər olub. İnsanlar soyuq, qarlı-şaxtalı havaya baxmayaraq, axın-axın yardım məntəqələrinə gəlir, isti geyimlər, çadırlar, yorğan-döşək, tibbi ləvazimatlar, qida məhsulları və s. gətirirlər. Hər kəsin imkanı nəyə çatırsa, onu əsirgəmir. Bütün bu fədakarlıqlar iki ölkə, onların insanları arasında əsl qardaşlıq əlaqələrinin göstəricisidir. Bu həmrəylik, bu yardımlaşma sayəsində qardaş Türkiyə üzləşdiyi ağır sınaqdan ləyaqətlə çıxacaq. Allah zəlzələ nəticəsində dünyasını dəyişən bütün bacı və qardaşlarımıza rəhmət eləsin, yaralılara tezliklə şəfa versin.