Xəbərlər
Azərbaycan neft və qaz sektoruna böyük sərmayələr cəlb edib
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycanın enerji sektorunda qazandığı uğurlar biri-birini əvəzləməkdədir. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın malik olduğu imkanların, iqtisadi uğurlarının təqdimatında əhəmiyyətli rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə hesablanmış mühüm addım kimi qeyd edilir. Azərbaycan təşəbbüsləri reallığa çevirməklə həm layihələrdə iştirakçının, həm də dünya dövlətlərinin dayanıqlı inkişafını təmin edir. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, əlbəttə, biz gələcəyə baxmalıyıq. Ənənəvi əməkdaşlıq sahələri, gələcək planlar mütəmadi müzakirə edilir, ortaq mövqe ortaya qoyulur.
Bərpaolunan enerji mənbələri ilə bağlı məsələlər bu gün əsas müzakirə olunan mövzular sırasındadır. Azərbaycan öz “yaşıl enerji” siyasətinə münasibətdə çox işlər görür. Ötən ilin iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nda da bərpaolunan enerji mənbələri məsələsi xüsusi önə çəkilir. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ölkəmizin bu sahədə böyük potensiala malik olduğunu bildirərək belə bir fikri xüsusi qeyd etmişdir ki, Azərbaycan bütün sahələrdə etibarlı tərəfdaşdır.
Dövlət başçısı İlham Əliyev bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində, eyni zamanda, 53-cü toplantısını başa vuran Davos Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan və hazırkı dövrün hədəflərindən geniş bəhs etdi. Bərpaolunan enerji sahəsində potensiala diqqəti yönəldən cənab İlham Əliyev qeyd etdi ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. 200 qiqavata yaxın potensial var.
Qeyd edək ki, dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. “Bu, hələ qısamüddətli bir layihədir” söyləyən dövlət başçısı bildirdi ki, ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.
Bu sırada ötən ilin dekabrın 17-də imzalanan Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Sazişi də xüsusi qeyd etməliyik. Məqsəd Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Cənab İlham Əliyev sözügedən tədbirdə bu fikirləri də böyük inamla vurğuladı ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Azərbaycan neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəf bərpaolunan enerjidir. Planlarımız böyükdür və ölkəmiz bu işlərin öhdəsindən gəlmək imkanlarına malikdir.
Ölkə Prezdienti İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində Azərbaycanın neftin və təbii qazın təchizatçısı olduğunu əsaslı şəkildə iqtisadi tərəfdaşlarmızın, onların vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırdı. Ölkəmiz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə ölkəmiz deyil, həm də bütün region üçün çox böyük əhəmiyyəti vardır. Azərbaycanın tezliklə bərpaolunan enerji mərkəzinə çevriləcəyi qaçılmazdır.