YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi

Anar Məmmədov

Milli Məclisin deputatı

Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Yəni Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Bu reallığı tərəfdaşlıq etdiyimiz böyük ölkələr də bölüşürlər. Qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol sahiblərindən olan Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə vacib layihələr həyata keçirir.

Rusiya və Ukrayna müharibəsi başlayandan Avropanın əsas qaz ümidi olan Azərbaycan dekabrın 17-də Rumıniyada daha bir tarixi uğura imza atdı. Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ilk növbədə Azərbaycanın iqtisadi qüdrətinin təntənəsi idi. Prezident İlham Əliyev bu tarixi hadisəni dəyərləndirərkən vurğuladı ki,  "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan sazişin icrası Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verəcəyi ümumi töhfə olacaq. Bu saziş "yaşıl enerji" dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır.

Məlum olduğu kimi, hazırda Prezident İlham Əliyevin yürütdüyü enerji siyasətinin əsas tərkib hissələrindən biri də “yaşıl enerji”dir. Bu istiqamətdə Azərbaycan uzunmüddətli hədəflər müəyyənləşdirib və uğurlu layihələr həyata keçirilir. 2030-cu ilədək Azərbaycan “yaşıl artım” ölkəsinə çevrilməyi və ətraf mühitin təmizliyinə nail olmağı planlaşdırır. Buxarestdə imzalanan saziş də göstərdi ki, Azərbaycan Avropaya digər enerji - "yaşıl enerji" körpüsünü salmağa başlayır. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, "yaşıl enerji" təchizatçısına çevrilməyi planlaşdırır. 

Buxarestdəki tədbirdə xüsusən Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenin iştirakı Avropa İttifaqının son zamanlarda daha çpx Azərbaycanla əməkdaşlığın genişlənməsinə marağından irəli gəlirdi. Mövcud saziş isə ölkəmizlə Aİ arasındakı tərəfdaşlığı artıracaq. Aydın məsələdir ki, Avropanın enerjiyə ehtiyacı artıb. Belə olan halda isə Azərbaycan Avropaya mavi yanacaq ixrac etməklə yanaşı bərpa olunan enerji də çatdıracaq. Başqa sözlə desək, Azərbaycan külək və günəş enerjisi istehsalını artırmaqla Gürcüstan və Qara dənizdən çəkiləcək elektrik xətti vasitəsilə Avropa ölkələrinə ekoloji baxımdan təmiz enerji ixrac edəcək. Bu isə Azərbaycan ilə Avropa arasında əməkdaşlığın yeni sahəsi olacaq. Digər tərəfdən isə bu müqavilə Xəzər dənizini Qara dənizə bağlayacaq bir körpü oldu. Azərbaycanın elektrik enerjisini Gürcüstan, Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqının digər dövlətlərinə çatdırması isə bu layihənin rəqəmsal kommunikasiya bağlantısı olacağından xəbər verir. Belə olan halda da Avropa İttifaqı bu layihənin təhlükəsizliyini gücləndirəcək, beləliklə Bakı ilə Brüssel arasında təmaslar daha da artacaq. Buxarestdə Prezident İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü zamanı da bir daha sazişin əhəmiyyəti dəyərləndirilərkən qeyd edildi ki, bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi növbəti mühüm töhfədir.