Xəbərlər
Heydər Əliyev ömrü əbədiyyət ömrüdür
Səbinə Xasayeva
Milli Məclisin deputatı
Azərbaycan böyük tarixi şəxsiyyətləri ilə də tanınıb. Belə tarixi şəxsiyyətlərin hər biri dünyəvi ehtiramla xatırlanmaqdadır. Heydər Əliyev də belə tarixi şəxsiyyətlərdən olub...
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışıb. 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib...
1990-cı ilin 20 yanvarında Bakıda törədilən qırğınlara görə yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinin qarşısında çıxış edərək faciəni pisləmişdi, Sov.İKP MK-nı, onun rəhbərliyini tənqid etmişdi, günahkarların cəzalanmasını tələb etmişdi. Bu, sabiq SSRİ dönəmində siyasi kursa qarşı ən ağır ittiham idi və bu itihamı böyük tarixi şəxsiyyət Heydər Əliyev səsləndirmişdi.
Azərbaycanda, konkret olaraq Dağlıq Qarabağda yaranmış kəskin siyasi vəziyyət yaratdığına, SSRİ rəhbərliyinin riyakarlığına etiraz əlaməti olaraq Ulu Öndər Heydər Əliyev 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Bu, kifayət qədər böyük etiraz idi. SSRİ hökumətində ən yüksək vəzifələrdən birində işləyən, Siyasi Büronun üzvü olan bir məşhurun bu səviyyədə etirazı hökumətin nüfuzunun aşağılanması idi...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev üçün o andan etibarən nə SSRİ hökuməti vardı, nə partiya, nə də Moskva. Ancaq Vətən vardı. Ömrün sonrakı illərini ancaq Vətənin rifahı naminə yaşama istəyi vardı; böyük tarixi şəxsiyyət 1990-cı ilin iyulunda Azərbaycana qayıtdı...
Naxçıvana qayıtdıqdan sonra Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini oldu.
Azərbaycanda siyasi vəziyyət son dərəcədə kəskinləşəndə, milli qarşıdurma yarananda, separatçılıq dövlətçiliyi labüd süquta sürükləyəndə xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu dəvət Azərbaycanın xilası olacaqdı. Oldu da. Heydər Əliyevin dövlətçilik təcrübəsi, azərbaycançılığı, hadisələrə müdrik münasibəti yaranmış vəziyyəti stabilləşdirə bildi.
Müasir Azərbaycanın dövlətçilik memarı kimi Vətəninə, xalqına bütün varlığı ilə bağlı olan böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycan üçün yeni dövlətçilik mərhələsi yaratdı. Azərbaycan 1993-cü ildən bu günə qədər dinamik inkişaf yolundadır, möhtəşəm siyasi, iqtisadi nailiyyətlər əldə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlanılmışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlanılmışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir”.
1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində seçicilərin 98, 84 faiizi Ümummilli Lider Heydər Əliyevə səs verdi. Böyük tarixi şəxsiyyət Azərbaycan Respublikasının Prezidenti seçildi.
1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri tədbirlər görüldü. Reallaşdırılan, ardıcıl və sistemli tədbirlər nəticəsində ölkədə siyasi sabitlik tam bərpa edildi, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş şərait yaradıldı, genişmiqyaslı islahatlara başlandı. Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizlərinin açılması, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəql edilməsi layihələri həyata keçirildi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi.
Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Bu illərdə təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsası qoyuldu, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəyliyi təmin edən ideologiya yaradıldı, formalaşdırıldı.
1995-ci il noyabrın 12-də keçirilən referendumla müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Demokratik yolla prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Qanunvericilik sahəsində aparılan hüquqi islahatlar nəticəsində şəxsiyyət azadlığı və toxunulmazlığına təminat yaradıldı. Siyasi plüralizm, söz və vicdan azadlığına geniş meydan açıldı, mətbuat üzərindən senzura götürüldü. Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv edildi. Siyasi-iqtisadi və sosial-mədəni həyatın bütün sahələrində Avropa Şurasının tələbləri baxımından dəyişikliklərə əsaslı zəmin yaradıldı. Azərbaycan 2000-ci il yanvarın 25-də Avropa Şurasına üzvlüyə qəbul olundu.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-2003-cü illərdə gördüyü möhtəşəm işlər Azərbaycana rəhbərliyinin birinci dövründəki xidmətlərinin davamı kimi qiymətləndirilir. Əminliklə deyə bilərik ki, ötən əsrin 90-cı illərinin əvvəllərində qazandığımız müstəqilliyin iqtisadi əsası 70-80-ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir.
Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Xalqımızın Ümummilli Liderinin müəllifi olduğu azərbaycançılıq ideologiyası sadəcə öz dövlətimizin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə etdi. Dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi.
“Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.”
“İşğal olunmuş bütün regionlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” - Ulu Öndər Heydər Əliyev belə deyirdi. . Onların problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər, hazırlanan Proqramlar Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Ulu Öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkirdi, xarici səfərləri zamanı onların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı. Ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu. Onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün konkret addımlar atılırdı. 2001-2002-ci illər ərzində Ulu Öndər imzaladığı üç fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılmış və bunun müqabilində 18 qəsəbə salınmış, 6076 mənzil tikilmiş, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilmişdir. 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri üçün kompensasiya 120 dəfə artırılmışdır.
Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Sözügedən fərman kütləvi informasiya vasitələrinin ölkədə sürətli inkişafını təmin edən əsas amillərdən birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşləri və onun mövcud istiqamətdəki institusional təşəbbüsləri mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir...
Böyük tarixi şəxsiyyətlər üçün ancaq döğum tarixi var. Onlar əbədiyyət yolunun yolçularıdır.
Heydər Əliyev ömrü əbədiyyət ömrüdür.... .