Xəbərlər
Tehran niyə narahatdır? – TƏHLİL / VİDEO
Bu gün Avrasiyada tarixi anlar yaşanır. Öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmiş Azərbaycanın strateji təşəbbüsləri ilə Asiyadan Avropaya doğru geniş bir coğrafiyada yeni əməkdaşlıq imkanları formalaşır. Azərbaycanın müəllifi olduğu yeni geostrateji reallıqlar regionda bütün xalqlar və dövlətlər üçün mühüm dividendlər, yaxşı perspektivlər vəd edir. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, rasional yanaşma və praqmatik davranış ortaya qoymaq lazımdır. Amma biz hazırda bunu bütün region dövlətlərinin timsalında müşahidə etmirik.
Çox uzağa getməyək: elə İran İslam Respublikasından duyulan siyasi səslər - müxtəlif açıqlamalar, bəyanatlar qonşu ölkədəki rəsmi dairələrin Azərbaycanın tarixi qələbəsindən, postkonflikt dövrünün reallıqlarından narahat olduğunu göstərir. Amma İranın siyasi isterika vəziyyəti anlaşılan deyil.
Sual olunur: 30 ilə yaxın müddət ərzində Azərbaycanın torpaqlarının işğal altında olmasından, xalqımızın tarixi, dini və mədəni dəyərlərinin erməni vandalizminin təcavüzünə məruz qalmasından narahatlıq keçirməyən bu dövlətin indiki həyəcanı nədən qaynaqlanır? Yaxud məgər regionda yeni etimad mühitinin yaranması, çoxtərəfli əməkdaşlıq imkanlarının genişlənməsi Tehranı qane etmir?
Görünən odur ki, İran özünü siyasi qeyri-müəyyənlik şəraitində hiss edir, rasional qərar verə və praqmatik addım ata bilmir. Bu isə yeni geosiyasi konfiqurasiyadan kənarda qalaraq bölgədə siyasi autsayder vəziyyətinə düşmək deməkdir.
Respublikamız qonşu İranla dostluq münasibətlərinin tarixi ənənələr və siyasi-mənəvi dəyərlər əsasında, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq çərçivəsində inkişafının tərəfdarı olduğunu dəfələrlə ifadə edib. Azərbaycan daim xoş niyyət göstərib, dostluq əlini uzadıb, siyasi jestlərlə etimad mühitinin dərinləşməsinə töhfə verib. Amma bu gün ölkəmizə qarşı hansısa ittihamlar səslənir, absurd - mənasız iddiaların ictimai rəyə sırınması cəhdləri müşahidə olunur.
Bir müddət əvvəl İranın hansısa əyalət mollasının Azərbaycana qarşı iftiralar səsləndirməsi siyasi acizliyin və miskinliyin pik həddi idi. Əyalət mollasını ölkənin danışan dilinə çevirmək isə heç də dövlətçilik ənənələrindən, diplomatiyadan və böyük siyasətdən xəbər vermir. Maraqlı və paradoksaldır: özünü regional güc mərkəzi adlandıran bir dövlətin informasiya - diplomatiya kanalı siyasi moizələr səviyyəsində fəaliyyət göstərir?!
Təbii ki, Tehranın qeyri-adekvat mövqeyi regionda reallıqları dəyişə, geoiqtisadi və geosiyasi proseslərə yön verə bilməz. Hazırda bölgədə real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Təhlükəsizlik və əməkdaşlıq şəraitində kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizinin reallaşması və digər işbirliyi layihələrinin reallaşdırılması bölgənin geostrateji gələcəyinin inşasıdır. Ən əsası, Azərbaycanın razılığı olmadan bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz.
Rifah və inkişaf tərəfdarı olan dövlətlərin seçimi bəllidir. İranın isə taleyi öz seçimlərindən asılıdır... doğru və ya yanlış!