YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Dövlətləri Təşkilatı-Sülh və humanizm prinsiplərinə əsaslanan güclü təsisat

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Macarıstan, Şimali Kipr Türk Respublikası və Türkmənistan isə müşahidəçi qismində çıxış edən dövlətlərdir. Təbii ki, Türk Dövlətləri Təşkilatının əsas məqsədi türkdilli ölkələr arasında mədəni, siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik, hüquqi sahədə əməkdaşlığı regional və qlobal müstəvidə genişləndirmək və mümkün olduğu qədər inteqrasiyanı dərinləşdirməkdir. Cari ilin 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyev mötəbər tədbirdə çıxış edərək, xüsusi məqamları ictimaiyyətin diqqətinə çatdırıb. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Əslində cənab Prezident bu müdrik sözləri ilə, türklərin ən çətin zamanlarda birlik,həmrəylik nümayiş etdirməsinin vacibliyini və gələcəkdə də beynəlxalq münasibətlər sistemində Türk dünyasına qarşı hər hansısa baş verə biləcək xoşagəlməz neqativ halların qarşısının alınması istiqamətində mühüm addımların atılmasının zəruriliyini diqqətə çatdırdı.

Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə və imzalanan üçtərəfli bəyanat Ermənistanın rəsmi acı məğlubiyyəti idi. Məhz bu məsələyə də toxunan cənab Prezident bildirdi ki,  İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq. Həqiqətən də Ermənistan tərəfi bu məsuliyyəti dərk edib, öz öhdəliyini yerinə yetirməli və Azərbaycanın haqlı mövqeyi ilə razılaşmalıdır.

Ümumilikdə Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər tərəfindən təkcə Türk dünyasına deyil, bütün dünyaya sülhün töhfə olunması istiqamətində mühüm addımlar atılır. Bu isə təbii ki, onu göstərir ki, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin rəhbərləri daim konstruktiv mövqe sərgiləyir, eyni zamanda  sülh və humanizm prinsiplərinə əsaslanan siyasət həyata keçirir.