YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər tarixinin qəhrəmanları: Qarabağ fatehləri” adlı kitabın təqdimatı olub

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin “Zəfər tarixinin qəhrəmanları: Qarabağ fatehləri” adlı layihə çərçivəsində çap etdirdiyi eyni adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbir iştirakçıları öncə Şəhidlər xiyabanını və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunan abidə kompleksini ziyarət ediblər.

Təqdimat Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kitabın müəllifi YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, Rasim Musabəyov və başqaları çıxış edərək deyiblər ki, 2020-ci ildə başlanmış 44 günlük Vətən müharibəsi şanlı Zəfərlə başa çatdı, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etdi. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyuldu.

Bildiriblər ki, bu gün Azərbaycan xalqı tarixi Qələbənin əldə olunmasında qəhrəmanlıqları, misilsiz xidmətləri ilə yaddaşlara həkk olunmuş şəhidlərimizi, qazilərimizi, veteranlarımızı bir daha ehtiramla yad edir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3 min nəfərə qədər hərbi qulluqçusu şəhid, 12 minə qədəri qazi, minlərlə müharibə veteranı oldu. Nizami rayonunun isə 33 şəhidi, 120-yə qədər qazisi oldu. Müharibədən iki il keçməsinə baxmayaraq, bu gün də rayon sakinləri şəhidlər, qazilər haqqında fəxrlə danışır, xatirəsini dərin hörmətlə anırlar. Həmin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə çap olunan sözügedən kitab da onların əziz xatirəsinə dərin hörmətin və ehtiramın göstəricisidir.

Çıxış edən şəhid mayor Xəyal Məmmədovun həyat yoldaşı Röyalə Məmmədova, şəhid Alı Həsənlinin atası Nofəl Həsənov şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş bir qrup qaziyə medalları təqdim olunub.