YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilərin xalqımıza qarşı soyqırımı cinayətləri

Qadir İbrahimov

YAP Culfa rayon təşkilatının sədri

Müstəqil Azərbaycan tarixinin yeni dövründə 31 mart soyqırımı Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunur. Bu tarixi cinayətdən 108 il ötür.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il respublikamızda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanları dərin hörmətlə anılır. Fərmanda deyilir: “1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məsçid və digər abidələri dağıtmış, Bakının böyük hissəsinini xarabazarlığa çevirmişlər. Azərbaycanlıların soyqrımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir”.

Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı 200 ilə yaxın bir dövrdə yürüdülən soyqırım siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarların köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq idi. 1813-cü və 1828-ci illər Gülüstan və Türkmənçay müqavilələrinin nəticəsi olaraq Azərbaycan xalqı və onun tarixi torpaqları ikiyə bölündü. Tarixi mənbələrə əsasən, 1829-1830-cu illərdə Naxçıvan, Qarabağ və İrəvan ərazisində İranda yaşayan 40 min və Türkiyədə yaşayan 85 min nəfər erməni yerləşdirildi.

Bunun ardınca “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu “ideyanı” Azərbaycanda gerçəkliyə çevirmək üçün Azərbaycan ərazilərinin işğalına bəraət qazandırmaq məqsədi ilə erməni tarixi saxtalaşdırılmağa və Azərbaycanın, ümumən Qafqazın tarixi təhrif olunmağa başlandı.

Azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması və ərazilərinin işğalı etnik təmizləmə və soyqırımı vasitəsilə həyata keçirildi. 1905-1907-ci illərdə “Böyük Ermənistan” xülyası ilə ruhlanan ermənilər Bakıdan başlayaraq Azərbaycan ərazisində minlərlə azərbaycanlını qətlə yetirdilər, 200-dən çox kəndi tamamilə dağıtdılar.

1918-ci ilin qırğınları ermənilərin xalqımıza qarşı törətdikləri çoxsaylı soyqrımı cinayətlərindən biridir. Həmin il mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, 10 minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilmiş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərabaycan kəndi dağıdılmış və yandırılmışdır. İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlının evi yandırılmış 132 min azərbaycanlı qətlə yetirilmişdir.

Ermənistanın 1988-ci ildə başladığı hərbi təcavüz nəticəsində işğal olunmuş Azərbaycan ərazisində Birinci Qarabağ müharibəsi dövründə minlərlə vətəndaşımız əsir və itkin düşüb, girov götürülüb ki, bunların da əksəriyyətinin taleyi hələ də məlum deyil. Bir milyondan artıq soydaşımız qaçqına və öz vətənindən məcburi köçkünə çevrilmişdir. Onların 200 mindən çoxu etnik təmizləmə siyasəti nəticəsində zorakılıqla Ermənistandan qovulanlar olmuşdur.

Azərbaycanlılara qarşı yeridilən soyqırım siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqəti Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində dünya ictimaiyyətinə çatdırılması üçün əməli tədbirlər görülmüşdür. Ümummilli Liderin müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə dövlətimizin başçısı 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.