Xəbərlər
XX əsrdə azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliamların ən qanlı mərhələsi
Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri
1813-1828-ci illərdə Azərbaycan xalqının taleyində faciəli dövrlərin əsası qoyuldu. Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanması və malik olduğu ərazilərinin bölünməsinə səbəb oldu. Sonrakı illərdə həmin ərazilərin ermənilər tərəfindən zəbt olunması prosesinə başlanıldı. Qısa müddət ərzində ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.
“Böyük Ermənistan” yaratmaq arzusunu həyata keçirmək məqsədini güdən erməni qəsbkarları 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-1990-cı illərdə azərbaycanlılara qarşı soyqırım aksiyası törətməklə yanaşı onları öz doğma torpaqlarından qovub çıxardılar. Ermənilər havadarlarının himayəsi ilə İrəvan Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində və digər ərazilərdə məskunlaşan azərbaycanlılara qarşı törətdikləri soyqırım aksiyaları nəticəsində on minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirilmişdir. Tarixdə analoqu olmayan soyqırım aksiyası xalqımızın yaddaşında dərin kədərli iz qoymuşdur.
Lakin, tarixi zərurət nəticəsində müstəqilliyini qazanan Azərbaycan xalqı, xalqımızın dahi oğlu Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, təcrübəsi və dövləti idarəetmə bacarığı, habelə onun siyasətini uğurla davam etdirən Möhtərəm Prezident İlham Əliyevin müdrik və cəsarətli fəaliyyəti nəticəsində itirilmiş torpaqlarımızın bir hissəsinin geri qaytarılmasına nail olduq.
Ulu Öndər Heydər Əliyev 31 mart “Azərbaycanlıların Soyqırım Günü” ilə əlaqədar deyib: Xalqımıza qarşı törədilmiş soyqırım haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir.
Bu soyqırım qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur. Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə soyqırım qurbanlarının və torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsini əziz tutur və bütün dünya ictimaiyyətini erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.
