Xəbərlər
YAP-ın yaranmasının 30 illik yubileyi münasibəti ilə Yasamalda silsilə tədbirlər davam edir
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “H.Cavid pr.33A” ünvanı üzrə ərazi partiya təşkilatında partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“H.Cavid pr.33A” (Bakı Metropoliteni QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hidayət Məmmədov bildirib ki, 30 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, yarandığı gündən YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 30 ildə ardıcıl və məqsədyönlü şəkildə bu hədəflərə çatıb. Vurğulanıb ki, Prezident, Partiyanın Sədri İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə isə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırdı.
“H.Cavid pr.33A” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rəhilə Ramazanova, ərazi partiya təşkilatının nümayəndələri Samir Əhmədov və Şaiq Heydərov çıxışlarında partiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdiyini və qələbə yolunda əmin addımlarla irəlilədiyini söyləyiblər.
Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Bir qrup fəal gənc isə fəxri fərmanlarla təltif edilib.