YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə YAP Şamaxı rayon təşkilatında təhsil işçilərinin iştirakı ilə tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olduğunu deyib. Bildirib ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı ilin əvvəllərində Azərbaycan dərin böhran vəziyyətində idi. Məhz xalqı və dövləti bu böhrandan Ulu Öndər çıxardı, xalqın, ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyası yarandı. Vurğulanıb ki, ölkəmizin son illərdə əldə etdiyi uğurlar, yüksək naliyyətlər ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova və Dağlıq Şirvan Təhsil idarəsinin müdiri Rövşən Əliyev Yeni Azərbaycan Partiyasının yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətimizin dünyada layiqli yer tutması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması kimi mühüm vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıblar.

Daha sonra çıxış edən YAP Şamaxı rayon təşkilatı 59 saylı ərazi partiya təşkilatının sədri Yaqut İbrahimova və 48 saylı ərazi partiya təşkilatının sədri Emil Sayılov bildiriblər ki, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında hərtərəfli inkişaf edir, beynəlxalq nüfuzu artır və dövlətçiliyimizin möhkəmlənməsi naminə fəaliyyətini gündən-günə genişləndirir.

Sonda partiya sıralarına yeni qəbul olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.