Xəbərlər
Türkiyə mediası: Prezident Rəcəb Tayyib Ərdoğan Zəngilan aeroportunun ilk rəsmi qonağı oldu
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyev tərəfindən Zəngilan Beynəlxalq Hava Limanında qarşılanması, eləcə də səfərə bağlı digər mühüm məqamlar Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Türkiyə mediası yazır ki, Prezident Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının ilk rəsmi qonağı olub.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cəbrayıl şəhərində mətbuata birgə bəyanatı Anadolu Agentliyi, “TRT Haber”, “TGRT”, “Haber Global”, “Haber Türk” telekanalları və digər media orqanları tərəfindən canlı yayımla dünya ictimaiyyətinə təqdim olunub.
Həmçinin “TRT Avaz”, “CNN Türk” və başqa telekanallar, “Milliyet”, “Hurriyet”, “Sabah” və digər qəzetlər, xəbər agentlikləri başda olmaqla, ölkənin aparıcı media qurumları Türkiyə dövlət başçısının Azərbaycana səfərinin tarixi əhəmiyyətini, göstərilən yüksək qonaqpərvərliyi fərqli sərlövhələrlə günün baş xəbəri kimi işıqlandırıblar.
İşğaldan azad olunan ərazilərimizdəki quruculuq işlərini, Böyük Qayıdışı, həmçinin Zəngilan Beynəlxalq Hava Limanının tikintisini hər zaman diqqət mərkəzində saxlayan Anadolu Agentliyi Türkiyə dövlət başçısının Azərbaycana 20 oktyabr tarixli səfərinin bütün təfərrüatını bir neçə dildə yayıb. Həmçinin Azərbaycan və Türkiyə dövlət başçılarının mətbuat bəyanatlarından mühüm məqamlar fərqli sərlövhələrlə ictimaiyyətə çatdırılıb.
“TGRT” telekanalı səfərə dair canlı yayımları şərhlər əsasında təqdim edib. “TRT Haber” isə mövzu ətrafında bir neçə xüsusi reportaj yayıb.
Mövzunu “Zəngilan Hava Limanı inkişaf dastanıdır” sərlövhəsi ilə gündəmdə saxlayan “Milliyet” qəzeti oxuculara bir daha çatdırıb ki, Azərbaycan Ermənistanın işğalından azad etdiyi ərazilərində həyata keçirdiyi nəhəng layihələrlə xariqələr yaradır.
Ölkənin ən populyar qəzetlərindən olan “Sabah” isə “Qardaş qüruru” sərlövhəsi altında yaydığı analitik məqalədə Azərbaycan və Türkiyədə aparılan quruculuq işlərinin əhəmiyyətini xatırladaraq əminliklə bildirir ki, işğaldan azad olunan Azərbaycan ərazilərində qurulan istehsalat müəssisələrinin məhsulları Qarabağ brendi ilə dünya bazarlarına yol açacaq.