YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sülhə sadiqliyini daim nümayiş etdirib

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Daim sülh və əmin-amanlıq tərəfdarı olan  ölkəmiz bu gün də yeni reallıqlar fonunda bölgədə sülh, təhlükəsizlik, sabitlik, inteqrasiya və əməkdaşlıq mühitini gücləndirmək üçün strateji təşəbbüslərlə çıxış edir. Eyni zamanda Azərbaycan regionda çoxtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarı olaraq bu məsələdə prinsipial geosiyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin müəllifi olduğu yeni regional geosiyasi mənzərə təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri və dünya siyasətinin güc mərkəzləri üçün də mühüm dividentlər vəd edir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, işğalçı Ermənistanın sərsəm iddialar irəli sürməklə  hər vəchlə sülh prosesindən yayınmağa çalışsada, sülhə gəlməkdən başqa çarəsi yoxdur. Bu gün Azərbaycan reallıqlarını dünya görür və qəbul edir.  Ölkəmizin yaratdığı yeni reallıqlarla  Ermənistan və digər ölkələr də hesablaşmalıdır.

BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdam şəhərində keçirilən Milli Şəhərsalma Forumu zamanı söylənilən fikirlər də Azərbaycan həqiqətlərini dünyaya bəyan etmək baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Forumun iştirakçıları Ağdamda erməni vandalizminin əyani şahidi oldular.

Eyni zamanda bu Forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi və  həlli yollarının müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Prezident İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu nitq söyləyərək,  Ağdamın müharibə zamanı deyil, işğal illərində məqsədli şəkildə viran qoyulduğunu, bir vaxtlar dağlıq və aran Qarabağın ən abad yaşayış məntəqələrindən biri kimi inkişaf edən Ağdamın indi xarabalıqları xatırlatdığını bildirməsi və xarici ölkə vəzifəliləri və mətbuat nümayəndələrinin Erməni vandalları tərəfindən viran edilmiş Ağdamı əyani şəkildə görməsi, Azərbaycan ədalətli tərəf olduğunu bir daha bəyan edir.  İşğal illərində erməni vandalları 10 min kvadrat kilometrdən çox ərazini viran edib, evləri söküb talayaraq yaralı materiallarını Ermənistana daşıyıblar. Meşələrimiz qırılıb, təbii sərvətlərimiz, kənd təsərrüfatına yararlı torpaqlarımız qeyri-qanuni yollarla istismar edilib. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzün kədərli mirasını görür və şahidi olduğu mənzərədən heyrətə gəlir.

Prezident İlham Əliyev Forumdakı çıxışında Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində Azərbaycan xalqının humanitar böhranla üz-üzə qaldığına diqqət çəkib. Bu xüsusda fikirlərini bölüşən dövlətimizin başçısı “Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb”, - deyə vurğulayıb. İşğalçı Ermənistan 30 il ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, əsassız, beynəlxalq hüququn normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan əslində işğal nəticəsində yaranan keçmiş status-kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi.

Xüsusilə qeyd edilməlidir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırılmasının şahidi olsalar da, riyakarcasına davranaraq Ermənistanı heç vaxt qınamayıblar. 28 illik “fəaliyyəti” dövründə Minsk qrupu tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. Bütün bunların müqabilində indi müəyyən dairələrdə Minsk qrupunun fəaliyyətinin yenidən bərpasına cəhdlərin edilməsi qəbuledilməzdir.

Bütün bu kimi mənfi təsir və təzyiqlərə baxmayaraq ölkəmiz ərazi bütövlüyünü 44 günlük müharibədə öz gücünə təmin etdi. Artıq münaqişə həllini tapıb. Hər hansı vasitəçiliyə artıq ehtiyacımız yoxdur. Bununla belə, həm Ermənistandakı qüvvələr, həm də bu ölkənin xaricdəki havadarları Qarabağda yaşayan erməni əhalisinə ayrıca bir status verilməsi tələbini irəli sürürlər. Amma bütün bunlar əbəsdir. Azərbaycan unitar dövlət modelinə malikdir və bu modeli də dəyişmək niyyətində deyil. Eyni zamanda, Azərbaycan dövləti ölkə ərazisində yaşayan bütün fərqli etnik mənşəyə və etiqada malik insanlara bərabər hüquqları təmin edir. Qarabağda yaşayan müəyyən sayda ermənilərə də hər hansı imtiyazlar və yaxud üstünlüklər verilə bilməz. Dövlətimiz özünün bütün digər vətəndaşları kimi, onların da hüquqlarının qorunmasına tam təminat verir. Bu barədə birmənalı olaraq mövqeyini ifadə edən Prezident İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın sülhün tərəfdarı olduğunu bir daha bəyan edib.

Bu gün Azərbaycan ənənələrinə sadiq qalaraq qarşı tərəfə beş bənddən ibarət beynəlxalq hüququn normalarına əsaslanan sülh paketi təqdim edib. Sülh prosesi ilə bağlı müəyyən nikbinlik var və Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir və başqa çıxış yolu da yoxdur.

DİGƏR Xəbərlər Arxiv