YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Birgə Bəyanat gələcək əməkdaşlığımızı özündə ehtiva edir

Zamir Güvəndiyev

YAP Şəmkir rayon təşkilatının sədri

“Bu, bizim birinci görüşümüz deyil, biz Sizinlə bir neçə dəfə beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük və mən Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Çox minnətdaram və şadam ki, mənim dəvətimi qəbul edib bu gün Azərbaycanda səfərdəsiniz. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək.” Dövlətimizin başçısı İlham Əliyev oktyabrın 13-də ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə birgə   mətbuata bəyanatlarla çıxış edərkən onu da qeyd etdi ki, bu gün Sizinlə həm təkbətək, həm geniştərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunmuşdur, konkret addımlar müəyyən edilmişdir. Bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır.

Səfər çərçivəsində iki ölkə arasında qəbul edilən Birgə Bəyanat gələcək əməkdaşlığımızı özündə ehtiva etdi, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Laos Prezidenti qeyd etdi ki, biz Birgə Bəyanat da daxil olmaqla, burada müxtəlif sənədlər imzaladıq ki, bunun əməkdaşlığımız baxımından rəmzi mənası var. Biz əminik ki, gələcəkdə Azərbaycanın iş adamları Laos Xalq Demokratik Respublikasına daha çox investisiya yatıracaqlar. Ticarətin, turizmin həcmi, mədəniyyət sahəsində mübadilələr artacaq: “Mən çox şadam ki, Zati-aliləri qeyd etdi, gələcəkdə siz Azərbaycan Respublikasında daha çox laoslu tələbəni qəbul edəcəksiniz. Həmçinin əvvəlki dövrdə burada təhsil almış bir çox tələbəyə göstərilən dəstəyin və təqaüd sayının bərpası məsələsinə yenidən baxılması gələcək nəsillərimiz üçün son dərəcə faydalı olacaq”.

Cənab İlham Əliyevin mətbuata bəyanatında diqqətə çatdırdığı istiqamətlər  iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini və Azərbaycanın çoxşaxəli xarici siyasət strategiyasını aydın şəkildə ortaya qoyur. Azərbaycanla Laos arasında 30 ildən artıqdır davam edən diplomatik münasibətlər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və siyasi həmrəyliklə səciyyələnir. Parlamentlərarası əlaqələr, dostluq qruplarının fəaliyyəti, hakim partiyalar arasında əməkdaşlığın inkişafı xüsusi vurğulandı. Qısa təhlil bu qənaətə əsas verdi ki, Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri əlaqələrin yeni mərhələyə yüksəldilməsi üçün əlavə imkanlar yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, qəbul edilən Birgə Bəyanat gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəddir.

Səfərdə əsas çağırışlardan biri iki ölkə arasında  siyasi müstəvidə əlaqələrin   uğurlu inkişaf mənzərəsini iqtisadi sahədə də görmək istəyimiz oldu. Dövlət başçısının qeyd etdiyi kimi, hazırkı ticarət dövriyyəsi nə iki ölkənin imkanlarını, nə də əməkdaşlıq niyyətlərini tam əks etdirir. Bu baxımdan  Laos-Azərbaycan biznes forumu, qarşılıqlı investisiya təşəbbüsləri və konkret layihələrin müzakirəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu sahəsində qazandığı təcrübə Laosla iqtisadi əlaqələrin genişləndirilməsi üçün də əlverişli zəmin yaradır.

Təhsil sahəsində əməkdaşlığın bərpası da strateji baxımdan diqqətəlayiqdir. Sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması iki xalq arasında formalaşmış tarixi əlaqələrin mühüm elementidir. Prezident İlham Əliyevin təqaüd mexanizmləri vasitəsilə bu ənənənin yenidən canlandırılması təşəbbüsü gələcəkdə humanitar münasibətlərin dərinləşməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və Azərbaycan təhsilinin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfə verə bilər.

Azərbaycanla Laosu birləşdirən digər mühüm istiqamət mina təhlükəsi ilə mübarizədir. Hər iki ölkənin bu problemlə üzləşməsi təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi və mütəxəssis hazırlığı sahələrində əməkdaşlıq üçün real imkanlar yaradır. Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır.

Nəqliyyat və logistika sahəsində müzakirələr  Azərbaycanın regional və beynəlxalq bağlantılardakı rolunun genişlənməsi baxımından əhəmiyyətli oldu. Laosun dəmir yolu layihələri vasitəsilə Trans-Xəzər nəqliyyat marşrutuna qoşulmaq perspektivi Orta Dəhlizin coğrafi əhatəsinin genişlənməsinə şərait yarada bilər. Azərbaycan ərazisində əsas nəqliyyat-logistika layihələrinin reallaşdırılması ölkəyə yeni yük axınlarının cəlb edilməsi və tranzit potensialının artırılması üçün geniş imkanlar yaradır. Laosla bu istiqamətdə əməkdaşlıq qarşılıqlı iqtisadi maraqlara əsaslanan yeni bağlantıların formalaşmasına töhfə verə bilər. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq: “Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi. Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var”.