Xəbərlər
Füzuli – azadlığın, dirçəlişin və gələcəyə inamın simvoludur
Mehriban Vəliyeva
Milli Məclisin deputatı
17 Oktyabr – Füzuli şəhəri günü Azərbaycan tarixinin ən mühüm səhifələrindən birini təşkil edən Zəfər salnaməsinin, milli iradənin və Böyük Qayıdışın simvolik ifadəsidir. Bu tarix yalnız Füzulinin işğaldan azad edilməsini deyil, həm də otuzillik həsrətin sona çatmasını, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi müstəvidə bərpa etməsini, Qarabağın və Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinə qədəm qoymasını təcəssüm etdirir. Füzuli tarixən Azərbaycanın mühüm yaşayış məskənlərindən biri olmaqla yanaşı, əlverişli coğrafi mövqeyi, zəngin mədəni irsi və strateji əhəmiyyəti ilə seçilib. Rayon Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələri əhatə edir. Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə həmsərhəd olan Füzulinin cənub sərhədi Araz çayı boyunca İran İslam Respublikası ilə uzanır. Quruçay, Köndələnçay və Çərəkənçay kimi çaylar rayonun təbii-coğrafi xüsusiyyətlərinin formalaşmasında mühüm rol oynayır. Füzulinin tarixi də olduqca zəngindir. Şəhərin əsası 1827-ci ildə qoyulmuş, Qarabulaq yaşayış məskəni əsasında 1930-cu ildə rayon yaradılaraq Qaryagin adlandırılmışdır. 1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bu ad Azərbaycanın ədəbi-mədəni irsi ilə ərazi kimliyinin vəhdətini özündə yaşadan mühüm tarixi simvola çevrilmişdir. Rayon həmçinin zəngin tarixi-dini abidələri ilə seçilib. Babı kəndində XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsi, Əhmədalılar kəndində orta əsrlərə aid tarixi qəbirüstü abidələr və XIX əsrə aid Cəlil türbəsi Füzulinin qədim mədəni irsinin mühüm nümunələrindəndir. Lakin işğal illərində bu irsin böyük hissəsi digər ərazilərimizdə olduğu kimi vandalizmə məruz qalıb, tarixi-mədəni yaddaşın izləri silinməyə çalışılıb. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılmış, əhalinin doğma yurdlarından didərgin salınması ilə yanaşı, yüzlərlə insan həyatını itirmiş, əsir və itkin düşmüşdür. Füzuli sakinlərinin 30 il ərzində yaşadığı məcburi köçkünlük həyatının yaratdığı sosial və mənəvi ağrı Azərbaycanın ümummilli probleminin bir hissəsi idi. 1994-cü ilin əvvəlində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Lakin rayonun şəhər və kəndlərinin böyük hissəsinin azad olunması üçün 2020-ci ilin tarixi Zəfərini gözləmək lazım gəldi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsini, dövlətimizin gücünü və Ordumuzun yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Füzuli uğrunda döyüşlər bu müharibənin ən ağır və strateji əhəmiyyətli mərhələlərindən biri oldu. Otuz il ərzində Ermənistan tərəfindən yaradılmış çoxsaylı müdafiə istehkamlarının yarılması, mürəkkəb relyef və möhkəmləndirilmiş mövqelərin dəf edilməsi Azərbaycan hərbçilərinin misilsiz qəhrəmanlığının göstəricisinə çevrildi. 17 oktyabr 2020-ci il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan gün kimi yadda qaldı. Həmin gün Füzuli şəhəri, eləcə də Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri işğaldan azad edildi. Vətən müharibəsi nəticəsində ümumilikdə Füzuli rayonunun 62 yaşayış məntəqəsi düşmən işğalından azad olundu. Füzulinin azad edilməsi hərbi baxımdan da müharibənin taleyinə ciddi təsir göstərən mühüm hadisələrdən idi. Füzuli istiqamətində düşmənin uzun illər ərzində yaratdığı müdafiə xətlərinin yarılması Azərbaycan Ordusuna strateji üstünlük qazandırdı və sonrakı hərbi əməliyyatların uğurla davam etdirilməsinə mühüm zəmin yaratdı. Bu Qələbə Azərbaycanın hərbi qüdrətinin, müasir döyüş imkanlarının və Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin əyani təsdiqi idi. Füzulinin azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimizin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 25 mindən çox hərbi qulluqçu bu medalla təltif olunub. Füzuli şəhərinin azad edilməsindən sonra qarşıda dayanan əsas vəzifə yalnız ərazi üzərində dövlət suverenliyinin bərpası ilə məhdudlaşmadı. Dağıdılmış şəhərlərin, kəndlərin, sosial və nəqliyyat infrastrukturunun yenidən qurulması, tarixi torpaqlarımıza Böyük Qayıdışın təmin edilməsi yeni mərhələnin əsas istiqamətlərini təşkil etdi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Füzulinin gələcək inkişafı ilə bağlı ardıcıl və sistemli siyasət həyata keçirilir. Dövlət başçısının azad edilmiş ərazilərə çoxsaylı səfərləri zamanı verdiyi tapşırıqlar Füzulinin qısa müddətdə müasir şəhər və regional inkişaf mərkəzinə çevrilməsinə hesablanmış genişmiqyaslı layihələrin reallaşdırılmasına imkan yaradıb. Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılmasından cəmi bir neçə gün sonra – 16 noyabr 2020-ci ildə Prezident İlham Əliyevin Füzuliyə səfəri yeni quruculuq mərhələsinin başlanğıcını qoydu. Zəfər yolunun təməlqoyma mərasimi ilə başlayan bu proses sonrakı illərdə şəhərin Baş planının hazırlanması, hava limanının, avtomobil yollarının, enerji və su infrastrukturunun, yaşayış komplekslərinin, sosial obyektlərin inşası ilə davam etdirildi. Nazirlər Kabinetinin 2023-cü il 18 mart tarixli qərarı ilə “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi şəhərin gələcək inkişafının vahid konseptual əsasda həyata keçirilməsinə imkan yaradıb. Bu Baş plan yalnız yeni şəhərsalma modelinin deyil, eyni zamanda müasir, dayanıqlı və insan mərkəzli şəhər mühitinin formalaşdırılmasının əsasını təşkil edir. Füzulidə həyata keçirilən layihələrin miqyası Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi strateji əhəmiyyəti aydın göstərir. “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi, yeni avtomobil yolları, sosial obyektlər, yaşayış məhəllələri və digər infrastruktur layihələri şəhərin və rayonun yeni inkişaf modelinin əsas elementləridir. Füzuli Beynəlxalq Hava Limanının cəmi səkkiz ay ərzində inşa edilərək 2021-ci il oktyabrın 26-da istifadəyə verilməsi Azərbaycanın quruculuq potensialının, siyasi iradəsinin və yüksək təşkilatçılıq imkanlarının dünyaya nümayişi oldu. “Qarabağın hava qapısı” adlandırılan bu hava limanı Füzulinin regional nəqliyyat və logistika imkanlarını genişləndirməklə yanaşı, Qarabağın beynəlxalq əlaqələrinin inkişafına da mühüm töhfə verir. Füzulinin nəqliyyat imkanlarının genişləndirilməsi baxımından Zəfər yolu, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Bu layihələr Füzulini digər azad edilmiş ərazilərlə əlaqələndirən mühüm nəqliyyat arteriyalarına çevirməklə yanaşı, regionun iqtisadi potensialının reallaşdırılması üçün də yeni imkanlar yaradır.
Füzulidə aparılan quruculuq işləri yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır. Yeni məktəblər, uşaq bağçaları, xəstəxana, peşə təhsili müəssisələri, idman və yaradıcılıq mərkəzləri, yaşayış kompleksləri və digər sosial obyektlərin yaradılması dövlətin əsas prioritetinin insan amili olduğunu göstərir. Füzulidə yeni həyatın qurulması şəhərin yalnız yenidən inşa edilməsini deyil, burada müasir sosial mühitin və dayanıqlı yaşayış imkanlarının formalaşdırılmasını nəzərdə tutur. Böyük Qayıdış bu siyasətin ən mühüm istiqamətlərindən biridir. 2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı başlanıb. Vaxtilə Bakı, Sumqayıt, Abşeron və ölkənin digər ərazilərində ağır və müvəqqəti şəraitdə yaşayan ailələrin öz doğma torpaqlarına qayıtması Azərbaycanın 30 illik məcburi köçkünlük probleminin mərhələli şəkildə həll olunduğunu göstərir. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailənin, 3153 nəfərin köçürülməsi Böyük Qayıdış prosesinin real nəticələrindən biridir. Füzulinin dirçəlişi həm də Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığa açıq və regional həmrəyliyə əsaslanan siyasətinin mühüm nümunəsidir. Qardaş Özbəkistanın Prezident Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa etməsi iki qardaş xalq arasında tarixi və mənəvi bağların daha da möhkəmlənməsinin ifadəsidir. Müasir standartlara uyğun inşa edilmiş məktəb Füzulinin yeni nəsli üçün təhsil və inkişaf məkanı olmaqla yanaşı, Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsinin rəmzidir.
Qazaxıstanın Füzulinin bərpasına verdiyi töhfə də xüsusi qeyd olunmalıdır. 2024-cü il martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılması iki qardaş ölkənin həmrəyliyinin və Füzulinin dirçəlişinə beynəlxalq dəstəyin daha bir nümunəsi oldu. Özbəkistan və Qazaxıstanın Füzulidə təhsil və mədəniyyət obyektlərinin yaradılmasında iştirakı Türk dünyasının Azərbaycanın Qarabağda həyata keçirdiyi Böyük Qayıdış siyasətinə mənəvi və praktiki dəstəyinin göstəricisidir.
Füzulinin bərpası prosesində Prezident cənab İlham Əliyevin müxtəlif vaxtlarda qardaş və dost ölkələrin dövlət və hökumət başçıları ilə birlikdə rayona səfərləri də xüsusi siyasi məna daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkmənistan rəhbərliyinin nümayəndələri və digər yüksək səviyyəli qonaqların Füzuliyə səfərləri azad edilmiş ərazilərin beynəlxalq əməkdaşlıq və regional tərəfdaşlıq məkanına çevrildiyini nümayiş etdirir. Eyni zamanda, Füzulidə aparılan bərpa-quruculuq işlərinin fonunda mina təhlükəsi ciddi problem olaraq qalır. Füzuli işğaldan azad edilmiş ərazilər arasında mina və partlayıcı sursatlarla ən çox çirkləndirilmiş rayonlardan biridir. İlkin hesablamalara görə, rayon ərazisində yüz mindən artıq mina basdırılıb. Bu fakt Ermənistanın işğal dövründə həyata keçirdiyi hərbi-siyasi siyasətin yaratdığı ağır humanitar nəticələri bir daha göstərir. Mina təhlükəsinin aradan qaldırılması Böyük Qayıdışın təhlükəsiz və davamlı şəkildə təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu məsələdə beynəlxalq ictimaiyyətin diqqətini mina təhlükəsinə yönəltməklə yanaşı, işğal dövründə törədilmiş dağıntıların, ekoloji və iqtisadi ziyanın qiymətləndirilməsi istiqamətində də ardıcıl fəaliyyət göstərir. Füzulidə dağıdılmış yaşayış məntəqələri, dini və mədəni abidələr, infrastruktur obyektləri Ermənistanın işğal siyasətinin nəticələrini əks etdirən canlı sübutlardır. Bu cinayətlərin beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsi və məsuliyyət məsələsinin gündəmdə saxlanılması Azərbaycanın prinsipial mövqeyidir. Bu gün Füzuli artıq keçmişin dağıntıları ilə deyil, gələcəyə hesablanmış inkişaf modeli ilə xarakterizə olunur. Burada yeni yaşayış məhəllələri salınır, kəndlərin təməli qoyulur, yollar çəkilir, enerji və su infrastrukturu qurulur, sosial obyektlər yaradılır, keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. Bir zamanlar işğalın və dağıntının simvoluna çevrilmiş Füzuli indi quruculuğun, inkişafın və Böyük Qayıdışın simvoluna çevrilir. Füzulinin timsalında Azərbaycanın Qarabağ siyasətinin mahiyyəti aydın görünür: hərbi Qələbə siyasi iradə ilə möhkəmləndirilir, siyasi Qələbə isə genişmiqyaslı quruculuq və sosial inkişaf layihələri ilə tamamlanır. Bu prosesin mərkəzində insan, onun təhlükəsizliyi, rifahı və doğma torpağında layiqli həyat şəraitinin təmin edilməsi dayanır.
17 Oktyabr - Füzuli şəhəri günü həm də Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıdışının, milli yaddaşın bərpasının və gələcəyə inamının günüdür. Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin qəhrəmanlığı və Azərbaycan Ordusunun misilsiz şücaəti bu şəhərin yeni tarixinin təməlində dayanır.
Bu gün Füzulidə ucalan hər bir bina, çəkilən hər bir yol, açılan hər bir məktəb və qayıdan hər bir ailə 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərin davamıdır. Füzulinin yeni siması Azərbaycanın gücünü, dövlətimizin quruculuq iradəsini və xalqımızın doğma torpaqlara bağlılığını nümayiş etdirir. Füzulinin qarşısında yeni inkişaf mərhələsi açılıb. Bu mərhələ Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyasının, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi siyasətinin mühüm tərkib hissəsidir. Füzuli şəhəri artıq yalnız tarixi keçmişi ilə deyil, Azərbaycanın qalib dövlət kimi qurduğu yeni gələcəyi ilə də seçilir. 17 Oktyabr-Füzuli şəhəri günü münasibətilə bütün Füzuli sakinlərini, doğma yurduna qayıdan soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayıram. Füzulinin azadlığı Azərbaycan xalqının Zəfər tarixinin parlaq səhifəsidir və bu şəhərin dirçəlişi həmin Zəfərin əbədi yaşadılmasının ən mühüm ifadələrindən biridir.
