Xəbərlər
Siyasi dialoq, iqtisadi əməkdaşlıq və humanitar əlaqələr
Fatma Yıldırım
Milli Məclisin deputatı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu, fəal diplomatiyasını və müxtəlif regionlarla əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmi bir daha nümayiş etdirir.
Dövlətimizin başçısının bəyanatında Azərbaycan ilə Kamboca arasında siyasi dialoqun dərinləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsi və iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi xüsusi yer tutur. BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində mövcud olan əməkdaşlıq ölkələrimiz arasında siyasi münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir.
Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, birgə istehsal müəssisələrinin yaradılması, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın inkişafı qarşılıqlı faydalı tərəfdaşlıq üçün geniş imkanlar yaradır. Bu baxımdan, biznes forumunun keçirilməsi və iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun yaradılması mövcud potensialın reallaşdırılması, sahibkarlar arasında əlaqələrin gücləndirilməsi və yeni investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm addımlardır.
Bununla yanaşı, dövlətimizin başçısının Azərbaycanın qabaqcıl idarəetmə təcrübəsinin beynəlxalq miqyasda təşviqinə xüsusi diqqət yetirməsi də əhəmiyyətlidir. Ölkəmizdə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini və əlçatanlığını yüksəldən “ASAN xidmət” modelinin Kambocada maraq doğurması Azərbaycanın innovativ dövlət idarəçiliyi sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Prezident İlham Əliyevin bəyanatında mina təhlükəsi, sülh və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Kambocanın bu sahədə üzləşdiyi oxşar problemlər təcrübə mübadiləsini, birgə təşəbbüsləri və praktiki əməkdaşlığı zəruri edir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra Ermənistanın basdırdığı minaların partlaması nəticəsində yüzlərlə insanın həlak olması və ya yaralanması bu problemin ölkəmiz üçün nə qədər ciddi humanitar çağırış olduğunu göstərir.
Möhtərəm Prezidentimizin vurğuladığı kimi, davamlı sülh və təhlükəsizlik beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, “Böyük Qayıdış” Proqramının ardıcıl şəkildə həyata keçirilməsi ölkəmizin gücünü, siyasi iradəsini və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir.
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, uzaqgörən və praqmatik xarici siyasəti nəticəsində Azərbaycan–Kamboca münasibətləri bundan sonra da inkişaf edəcək, siyasi və iqtisadi əməkdaşlıq daha da genişlənəcək, xalqlarımız arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri möhkəmlənəcək. Bu səfər Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin şaxələndirilməsi və ölkəmizin qlobal miqyasda mövqelərinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
