Xəbərlər
Səmərqənddən mühüm mesajlar
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Özbəkistan Respublikasının Səmərqənd şəhərində sentyabrın 16-da Çin, Hindistan, Rusiya, Pakistan, Qazaxıstan, Özbəkistan və digər bir sıra böyük dövlətlərin rəhbərlərinin iştirakı ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət etdiyinə görə Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığını bildirərək, yenidən qardaş Özbəkistan torpağında, qədim və gözəl Səmərqənd şəhərində olmaqdan məmnun olduğunu bildirib.
Prezident İlham Əliyev Sammitdə çıxışında bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsinə münasibət bildirərkən qeyd edib ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıb. Ermənistanın təxribatlarının iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə olduğunu və buna görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü diqqətə çatdırıb.
Ölkə Prezidenti eyni zamanda bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətlərinə də toxunub. "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Azərbaycan Qarabağ münaqişəsini hərbi-siyasi yollarla həll edib, nəticədə təcavüzkar dövlət sülhə məcbur edildi.
Bu gün beynəlxalq aləmdə ölkəmizin mövqeyi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənir. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, eyni zamanda etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin uzaqgörən müdrik xarici siyasəti sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir.
Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirən, Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisatdır. 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik etmək və bu sədrliyimizin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü xarici siyasət kursu yürüdülür. Bu siyasət nəticəsində dövlətimizin və xalqımızın dünyadakı nüfuzu günbəgün daha da artır, mövqeyi daha da möhkəmlənir. Bu baxımdan ölkəmizin üzv olduğu digər beynəlxalq təsisatlardakı təmsilçiliyi kimi, Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyəti də təsadüfi deyil və məhz düşünülmüş, uzaqgörən diplomatik siyasətin bəhrəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz fəaliyyətini bundan sonra da beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcəkdir.