Xəbərlər
İrəvan hüquqi məsuliyyət daşımalıdır
“Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilib”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatlar rəsmi İrəvanın öz revanşist niyyətlərindən əl çəkmədiyini göstərir. Baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün Ermənistan terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.
S.Fətəliyevanın sözlərinə görə, beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə xidmət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir. Son hadisələr fonunda Ermənistanın “forpost” ölkə statusu yenə də aktuallaşır. Çünki sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir.
“Rəsmi İrəvanın təxribatları regionda yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr isə regionun inkişafını istəməyən qüvvələrdir. Belə bir şəraitdə Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Bununla belə, son günlər yaşanmış hərbi insident təsadüfi sayıla bilməz. Təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu səbəbdən ölkəmizdə mövcud milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır. Eyni zamanda, güc amili də öz aktuallığını qoruyub saxlayır. Bu mənada, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır”, -deyə deputat vurğulayıb.