Xəbərlər
Hədəf sülh gündəliyidir...
Vellinqtonda fəaliyyət göstərən “Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyəti ölkəmizin dövlət sərhədində Ermənistanın törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.
Bəyanat yeni Zelandiya parlamentinə, ölkənin Baş nazirinə, Xarici İşlər Nazirliyinə və yerli kütləvi-informasiya vasitələrinə ünvanlanıb.
Bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-dən etibarən törətdiyi hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirilib.
Qeyd edilib ki, Yeni Zelandiyada yaşayan Azərbaycan icması yaranmış vəziyyətlə bağlı dərin narahatlıq hissi keçirir. Çünki beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistan Cənubi Qafqazda münasibətlərin normallaşmasına və Azərbaycanın təklif etdiyi sülh gündəliyinə hər vəchlə mane olmağa çalışır.
Beynəlxalq ictimaiyyəti təcavüzkar siyasətə son qoyulması üçün Ermənistana təzyiq göstərməyə çağıran diaspor təşkilatı qeyd edib ki, ermənilər 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır, Azərbaycanın sülh və regional əməkdaşlıq təşəbbüsləri fonunda yeni fitnələrə əl atırlar.
İcma üzvləri dünya birliyini Ermənistanın təcavüzkar siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyması və sülhə sövq edilməsi istiqamətində təzyiqlərini artırmağa və əməli addımlar atmağa çağırıb.