Xəbərlər
Ağacan Abiyev: Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün ən böyük hadisələrdən biridir
“Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün ən böyük hadisələrdən biridir. Belə bir uğurun qazanılması, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin parlaq göstəricisidir. Bu hadisə ölkəmizin bütün idman ictimaiyyəti üçün böyük hədiyyədir. İnanıram ki, idmançılarımız xalqımız qarşısında çıxış edərək yüksək nəticələr göstərəcəklər və bayrağımızı dalğalandıracaqlar, himnimizi bütün Avropaya səsləndirəcəklər”. Bu fikirləri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.
A.Abiyev bildirib ki, bu gün Azərbaycan sözün həqiqi mənasında idman ölkəsi kimi özünü təsdiq edib.
“Prezident İlham Əliyev idmanın inkişafı üçün lazımi şəraitin yaradılması, maddi-texniki bazanın formalaşdırılmasının vacibliyini önə çəkərək bunun üçün əlindən gələni edir. Bilirsiniz ki, son illər ərzində Bakıda və regionlarda müasir standartlara uyğun Olimpiya kompleksləri inşa olunub və gənclərin ixtiyarına verilib. Bu gün ölkəmizin müxtəlif regionlarında 40-dan çox Olimpiya kompleksi fəaliyyət göstərir. Bütün bunlar gənc nəslin sağlam ruhda böyüməsi üçün dövlətimizin atdığı vacib addımlardan biridir. Məhz maddi-texniki bazanın yüksək səviyyədə olması idman uğurlarına, yeni-yeni qələbələrə şərait yaradır. Bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edirlər. Təbii ki, Azərbaycanın idmanda əldə etdiyi nailiyyətlər hər kəs tərəfindən etiraf olunur və yüksək qiymətləndirilir. Təsəvvür edin, Azərbaycan nə qədər mühüm idman yarışlarına ev sahibliyi edir. Müxtəlif idman növləri üzrə beynəlxalq yarışlar Azərbaycanda keçirilir. Bunlar isə əlbəttə ki, Azərbaycanın idman ölkəsi kimi tanımasından irəli gəlir”, - deyə A.Abiyev vurğulayıb.